30 Aprel 2024

““Siyasi partiyalar haqqında” yeni qanun partiyaların fəaliyyətlərinin tənzimlənməsinə şərait yaradacaq”

“Nəhayət, “Siyasi partiyalar haqqında” qanun layihəsi qəbul edildi. Yeni qanun layihəsi çox məsələləri ehtiva edir. Orada bir neçə siyasi terminlər tam açıq şəkildə verilib”. Bu haqda YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlama verib.

Asif Əsgərli bildirib ki, yeni qanun layihəsində siyasi partiyaların fəaliyyətini əks etdirən bütün məsələlər geniş şəkildə qeyd edilib: “Bütün bunlar da yeni dövrün çağırışlarının tələbidir. Yeni qanun layihəsi siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz müsbət təsirn göstərəcək. Dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında partiyaların mühüm rolu var. Qəbul edilmiş yeni qanun ölkədəki mövcud demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitinə tam uyğunlaşdırılaraq xalqın siyasi iradəsini ifadə edir. “Siyasi partiyalar haqqında” yeni qanun sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilıməsində mühüm əhəmiyyətə malik olacaq.  Həmçinin, yeni qanun partiyaların fəaliyyətlərinin tənzimlənməsinə şərait yaradacaq. Bu, partiyaların cəmiyyətin inkişafında vacib olan bir struktura çevrilməsinə dəstək verən qanundur”.