12 May 2024

Ermənistan və Türkiyə münasibətlərinin normallaşması dəstəkləyirik

COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir.

Biz həm Prezident, həm də Baş nazir səviyyəsində Avrasiya İqtisadi İttifaqının tədbirlərinə dəvət edilmişik. Mən bir dəfə fəxri qonaq qismində belə tədbirdə iştirak etmişəm və əslində, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın sıx tərəfdaşlıq münasibətləri var. Yəni, bizim üçün bu ölkələr qrupu qeyri-adi deyil, biz onları çox yaxşı tanıyırıq. O ki qaldı, Avrasiya İqtisadi İttifaqı ilə daha sıx əməkdaşlıq planlarına, Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik. Hazırda bizim belə planlarımız yoxdur. Lakin gələcəkdə bunu nəzərdən keçirməyəcəyimizi deyə bilmərik. Hər şey yaxınlaşmanın hansı əlavə iqtisadi faydanın verəcəyindən asılı olacaq. Belə bir üstünlük görsək, qərar qəbul edəcəyik. Əks təqdirdə, bugünkü vəziyyət bizi qane edir.

Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər.

Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.

Əslində, danışıqlar məhz həmin prinsiplər əsasında başlanıldı. Ermənistan bəzi digər mövzular əlavə etdi və bu, başlıca maneə yaratdı. Çünki onlar iki suveren ölkə arasında olan sülh sazişinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdilər. Bu, bizim üçün tamamilə qəbuledilməz idi, çünki dırnaqarası “Dağlıq Qarabağ” Azərbaycanın Qarabağ regionu olub və olacaq, bu, Azərbaycanın daxili məsələsidir. Bu, irəliləyişə nail ola bilməməyimizin başlıca səbəbi idi. Onlar bütün bu dövr ərzində həmin müddəanın daxil olunmasını israr edirdilər, bu isə bizim üçün tamamilə qəbuledilməz idi və biz razılığa gələ bilməyəcəyimizi görürdük. Bu, ötən ilin sentyabrına – suverenliyimizi tam bərpa edənədək davam etdi. Lakin burada növbəti problem yarandı. Ermənistan tərəfi fasilə yaratdı və ən azı iki ay bizim şərhlərə münasibət bildirmədi. Çünki bizim şərhlərin mübadiləsi praktikası var, hər iki ölkənin xarici işlər nazirləri bununla müntəzəm məşğuldur və bu günədək saziş layihəsinə dair şərhlərin 7-8 dəfə belə mübadiləsi baş tutub.

COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq. Hər kəs xüsusilə yayda çimərliyə gedəndə dənizin hər il geri çəkildiyini görə bilər və bu, heç vaxt belə olmamışdır. Bir vaxtlar dəniz irəliyə gəlib geri çəkilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Biz gəmilər üçün daha çox kanal qazmalıyıq və əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, biz nəinki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacağıq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri – Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Biz burada ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görürük.

Neft hasil edən ölkə COP-a sədrlik edir. Sanki elə bilin ki, bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk.

COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir.

Sərhədlər delimitasiya olunmalıdır. Bizim hər zaman praqmatizm nöqteyi-nəzərindən qaldırdığımız bir məsələ də var ki, sərhəd, heç şübhəsiz, prinsiplərə əsasən delimitasiya olunmalıdır. Lakin, eyni zamanda, sərhədin elə hissələri var ki, hər iki tərəf üçün problemlər yaradır. Bu, yollar, bəzən təhlükəsizlik mexanizmi, bir-birinin ərazilərinin dərinliyinin görünməsi ilə bağlı olur. Ona görə də biz kreativ olmalıyıq.

Ermənistanda baş verənlərin hamısına çox ciddi yanaşmaq üçün tam haqqımız var.  Ermənistan danışıqlardan yalnız işğalı möhkəmləndirmək və işğalı de-fakto əbədi etmək üçün istifadə edib. İtaliya bizim ən yaxın tərəfdaşlarımızdan və dostlarımızdan biridir.

Ermənistan və Türkiyə münasibətlərinin normallaşması dəstəkləyirik. Biz açıq şəkildə bildirdik ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdarıq. Yəqin bilirsiniz ki, Ermənistanın təkcə Azərbaycana deyil, Türkiyəyə də ərazi iddiaları var və bu məsələ də mütləq həll olunmalıdır.

Müharibələr gec-tez bitir. Biz bu coğrafiyada yaşamağa, təhlükəsizliyimizi, dövlətçiliyimizi, həyat tərzimizi qorumağa öyrəşmişik.

Biz kağızlara əsaslanan dünyada yaşamırıq. Əlimizdə 28 il ərzində kağızımız var idi. Dünyada ən nüfuzlu olan BMT Təhlükəsizlik Şurasının qətnaməsi idi. Nə olsun? Buna kim əhəmiyyət verirdi? Qoşunlarını çıxarmağı Ermənistandan tələb edən həmin qətnamələri qəbul edənlər belə onların həyata keçirilməsi üçün heç bir iş görmədilər. Bu qətnamələrlə nə etmək lazımdır? Özümüzü bu qətnamə ilə əhatə etməli idik. Biz silahı götürüb ölməyə getdik, elə də etdik.

Mina problemi davam edir. Müharibədən sonra minaların partlaması nəticəsində 350-dən çox insan həyatını itirib və ya ağır yaralanıb. Onların əksəriyyəti mülki şəxslərdir. Təəssüf ki, bu rəqəm artacaq, çünki Ermənistanın əllərində olmadığına görə bizə verməkdən imtina etdiyi və nəhayət verməyə razılaşdığı qeyri-dəqiq mina xəritələri əldə etmişik. Dəqiqlik müxtəlif hesablamalardan asılıdır və təxminən 25 faizə bərabərdir. Minatəmizləmə həm də yenidənqurma üçün ən böyük maneədir.

Jalə Mehdiyeva

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı