19 May 2024

8 mayı qaradan qırmızıya dönən Şuşa – 32 ildən sonra şuşalılar öz evlərinə döndülər

Bu da oldu: Şuşalıların bir qismi Şuşaya qayıtdı. Bu, ilk karvandır, ardı gələcək, şübhəsiz.

Bu qayıdış 32 ildən sonra baş tutdu. 32 il əvvəl elə bu, bir az soyuq, bir az yağmurlu may günlərində, ölüm və əsirlik təhlükəsi qarşısında qalaraq Şuşanı tərk edən şuşalılar doğma şəhərlərinə bu qədər gec qayıdacaqlarını gözləmirdilər.

Amma həyat belə gətirdi və burada “gec olsun, güc olsun” və ya başqa xalqların dediyi kimi, “heç vaxt olmamasındansa gec olması yaxşıdır” təsəllisi yada düşür. Bu illərdə çoxlarının əllərini Şuşadan üzdüyü dönəmdən də keçmişik.

Məsələnin bir acı tərəfi də var: heç də hamı Şuşaya qayıda bilmədi və bilməyəcək. Yüzlərlə, bəlkə də minlərlə şuşalı həyatdan Şuşa nisgili ilə köçdü.

Bu, insan faciəsidir. Şuşanı işğaldan azad edə bilməməyimiz isə dövlət və millət üçün faciə olardı. Şükür ki, belə olmadı. Qəhrəman oğullar, tədbirli sərkərdələr, qətiyyətli rəhbər Şuşanı geri aldı. Prezident “işimiz Şuşasız yarımçıq qalardı” demişdi və bu iş yarımçıq qalmadı.

17153539854333922670_1200x630.jpg (550 KB)

Şuşalıların bir hissəsinin Şuşaya məhz may ayının 8-də qayıtması təsadüfi deyil, simvolik məna daşıyır. 4 il öncəyə qədər 8 may xalqımız üçün matəm günüydü. Rəsmi olmasa da, bütün vətənpərvər insanlar bu qara günün möhnətini qəlblərində daşıyırdılar.

Bu ildən isə 8 may şuşalıların Şuşaya qayıdışı günüdür. Həmişə də belə qeyd olunacaq. Öz al qanları ilə Şuşanın qara gününü qırmızı edən oğulların xatirəsi həmişə əziz olacaq.

Elə Prezident İlham Əliyev də dünən Şuşaya qayıdan şuşalılarla bu şəhərdə görüşüb, söhbətləşərkən, qürur mənbəyimiz olan Şuşanı və işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri şücaətini qeyd edib.

Prezident deyib: “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”.

herrrb.jpg (650 KB)

Bəli, azərbaycanlıların, şuşalıların Şuşaya dönməsi asan və tez başa gəlmədi. 44 günlük müharibə bir çoxlarına “ildırım sürətli müharibə” kimi görünə bilər, amma ona qədər 28 il boyunca əsəb gərən, sonu görünməyən “diplomatik müharibə” də getmişdi. Ən ümdəsi, biz o müharibədə bütün şərtlərin əleyhimizə olduğu bir vaxtda da haqqımızdan, qırmızı xəttimizdən geri durmadıq, təmkinlə, hövsələ ilə zəfər günümüzün başlanğıc anını gözlədik.

Yoxsa ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ-ni, Rusiyanı və Fransanı təmsil edən çoxsaylı diplomatlar bir-birini tez-tez dəyişsələr də, “güzəştə getmək, “de-qe-er”-i tanımaq lazımdır” fikrini dəyişmirdilər, israrla təkrarlayırdılar.

Ən pisi o idi ki, Qarabağ münaqişənin sülh yolu ilə həlli planlarında Şuşa söhbəti yox idi. Hamı Şuşanı ermənilərə “verirdi”, vasitəçilərin planlarına görə, Ermənistan və Azərbaycan arasında sülh Azərbaycanın Şuşasız qalacağı təqdirdə baş tutmalıydı.

Lakin Azərbaycan siyasətçiləri və hərbçiləri bütün məkrli planları pozdular. Son nəticədə şəhərin əsl sahibləri Şuşaya qayıtdılar.

İşğaldan azad olunduğu vaxt Şuşa nə gündəydi, ilk görənlər bilir. Şəhər yarımxarabalıq bir yer idi. Ermənilər 28 il ərzində bu şəhrdə yalnız iki cüt, bir tək bina tikmişdilər – o da şəhərdə qarnizon qurmuş hərbçilərin ehtiyacları üçün.

sussa.jpg (688 KB)

Salamat qalmış evlərə soxulanlar da vardı. Onların Şuşanın azad edilməsindən bir neçə gün əvvəl darvazalara rusca “Ev ucuz qiymətə satılır” elan yapışdırmaları da qəribəydi. Görəsən, azərbaycanlı Kərimin, Yadigarın, Hikmətin evini kimə satmaq istəyirdilər?

Ancaq o sövdələr baş tutmadı və Prezident demişkən, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı.

O noyabrın 8-i, bu da mayın 8-i. Birində Şuşa azad olundu, o birində şuşalılar səkkiz guşəli ulduzu olan bayraqlarımızla bəzənmiş Şuşaya döndü.

Bundan sonrası asandır: Şuşada əzəmətli, ultra-müasir binalar tikiləcək. Şuşa mədəniyyət və turizm mərkəzinə, istirahət məkanına çevriləcək.

Prezident İlham Əliyev şuşalılarla görüşdə deyib ki, artıq şəhərdə üçüncü yaşayış kompleksinin təməli qoyulub. “Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir”, – dövlət başçısı deyib.

İnşallah, həm Azərbaycanın, həm də Şuşanın başı üzərindəki qara buludlar əbədiyyən dağılıb.

Şuşa ağ dumanlı şəhərdir, ilin çox hissəsi bu şəhərdə duman olur, ancaq dumanın zərəri yoxdur, təki qara bulud, dolu olmasın.

Musavat.com