19 May 2024

COP29-la bağlı üçüncü iclas: mühüm məsələlər müzakirə olundu

Mayın 4-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sonuncu iclasdan ötən müddət ərzində COP29-a hazırlıq prosesi çərçivəsində görülmüş işlər və bu xüsusda COP29 üzrə Tədbirlər Planının icrası barədə məlumat verib.

Samir Nuriyev COP29-un loqosunun və şüarının müəyyən edildiyini diqqətə çatdırıb. Bildirib ki, COP29-un şüarı “Yaşıl dünya naminə həmrəy olaq!” kimi seçilib.

COP29-un və Liderlər Sammitinin Bakı Olimpiya Stadionunda keçiriləcəyini bildirən Təşkilat Komitəsinin sədri hazırda stadionda və ətrafında layihələndirmə, yerində hazırlıq işlərinin aparıldığını vurğulayıb. Samir Nuriyev tədbirdə iştirakla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf ölkələrin dövlət və hökumət başçılarına dəvət məktublarının göndərildiyini qeyd edib.

Samir Nuriyev dövlətimizin başçısının “COP29 və Azərbaycan üçün yaşıl baxış” adlı beynəlxalq forumda, Petersberq İqlim Dialoqunda və VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda COP29 və iqlim dəyişikliyi məsələləri ilə bağlı ölkəmizin mövqeyini əks etdirən əsas istiqamətlərə dair məlumat verdiyini bildirib.

Təşkilat Komitəsinin sədri ölkəmizin Dünya Bankının Vaşinqton yaz sessiyası və Petersberq İqlim Dialoqu da daxil olmaqla iqlim dəyişmələri sahəsində təşkil edilən mühüm beynəlxalq tədbirlərdə fəal surətdə iştirak etdiyini bildirib və iyun ayında keçiriləcək Bonn iqlim dəyişikliyi konfransına ciddi hazırlıq işlərinin aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın COP29 zamanı prioritetləri haqqında danışan Samir Nuriyev COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanmasının son mərhələdə olduğunu diqqətə çatdırıb.

Təşkilat Komitəsinin sədri COP29-un rəsmi internet səhifəsinin fəaliyyətə başladığını, yerli mediada COP29 ilə bağlı prosesin geniş işıqlandırıldığını, xarici media ilə fəal iş aparıldığını vurğulayaraq, nüfuzlu beynəlxalq nəşrlərdə COP29 komandasının müsahibələrinin dərc olunduğunu qeyd edib.

Samir Nuriyev, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ölkədə görülmüş işlər barədə məlumat verib.

Sonra ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək, ölkəmizin COP29-a sədrliyi ilə bağlı hazırlıq prosesi, COP29 komandasının xarici ölkələrə səfərləri və keçirilmiş görüşlər barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov COP29-a hazırlıq çərçivəsində təşkilati-logistika sahəsində görülən işlər barədə məlumat verib.

Səhiyyə naziri Teymur Musayev COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısının müəyyən edildiyini, tibb müəssisələrinin və təcili tibbi yardım xidmətinin Çağrı Mərkəzinin fəaliyyətinə səhiyyə könüllülərinin də cəlb olunacağını bildirib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva COP29-la bağlı parlament səviyyəsində aparılan işlər, o cümlədən Milli Məclislə Parlamentlərarası İttifaq arasındakı fəal əməkdaşlıq barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, COP29 Təşkilat Komitəsi Katibliyinin rəhbəri Həbib Mikayıllı Katibliyin fəaliyyəti, dövlət orqanlarının işinin əlaqələndirilməsi, COP29 prezidentinin komandasına institusional dəstəyin verilməsi və kommunikasiya məsələləri barədə çıxış edib.

Energetika nazirinin müavini, “COP29 Azərbaycan” üzrə baş icraçı direktor Elnur Soltanov Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri, eləcə də özəl sektor və gənclərlə aparılan iş barədə danışıb.

“SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova iqlim dəyişmələrinə qarşı fəaliyyət zamanı innovasiya və smart texnologiyaların rolu barədə çıxış edib.

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan təşəbbüslər, müxtəlif ölkələr və danışıqlar qrupları ilə aparılan müzakirələr və danışıqlar prosesinə hazırlıq barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev COP29-da iştirak edəcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında çıxış edib.

“EkoSfera” Sosial Ekoloji Mərkəzinin İdarə Heyətinin sədri Firuzə Sultanzadə COP29-da vətəndaş cəmiyyətinin rolundan və ekologiya ilə bağlı QHT-lərin tədbirdə iştirakının təmin olunmasından danışıb.

İclasın sonunda COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.