09 Dekabr 2024

Şuşa bizim əyilməz ruhumuzun rəmzidir

Şuşa Azərbaycanın mədəniyyət mərkəzi olmaqla yanaşı, yerləşdiyi coğrafi mövqe etibarilə strateji cəhətdən ən mühüm ərazi vahidlərindən biri sayılır. Təsadüfi deyil ki, əsrlər boyu bu ərazi yaxın və regiondan kənar qüvvələrin hədəfində olmuş, əzəmətli və əsrarəngiz yaşayış yerimizə sahiblənmək istəyən yadellilər yerli əhalinin qətiyyəti və ərazinin təbii müdafə mexanizminə malik olması səbəbindən istəklərinə nail ola bilməmişdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkədaxili hərc-mərclikdən və xarici dairələrin yardımından istifadə edən mənfur Ermənistan dövləti doğma torpaqlarımızı işğal etmiş, bir milyondan çox qaçqın və məcburi köçkün dədə-baba yurdlarından didərgin salınmışdı. Qədim yurd elimiz təqribən 30 il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev liderliyində xalq-ordu birliyinin dəstəyi ilə azad olundu. Düşmən bütünlüklə fərari halında ərazilərimizi tərk etmək məcburiyyətində qaldı.

Hal-hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işlərinin nəticəsi olaraq Şuşa və digər azad edilən bölgələrimiz yenidən öz əvvəlki görkəminə qayıtmaqdadır. Prezident cənab İlham Əliyevin 10 may tarixində Şuşada, şəhərə köçmüş ilk sakinlərlə görüşü əlamətdar bir hadisənin ildönümü olmaqla yanaşı digər yaddaqalan hadisələr ilə də müşaiyət olundu.

Ölkə başçısı otuz iki ildən sonra şuşalıların doğma yurda qayıdışını tarixi hadisə kimi xarakterizə edərək savadlı, bilikli, mənəvi cəhətdən sağlam gənc nəslin 44 günlük müharibədə göstərdikləri qəhrəmanlıqları yenidən xatırlatdı. Müharibə ərzində yumruq kimi birləşən xalqın öz haqqını döyüş meydanında alması dünyada böyük əks-səda yaradan xüsusi bir hadisədir. Uzun illər bu ərazini hərbi poliqona çevirən və əbədi işğala ümid edən işğalçı dövlət və havadarları, Azərbaycan ordusunun qarşısında aciz vəziyyətə düşərək ağıt itkilər verməyə məcbur oldular. 2020-ci ilin 8 noyabr tarixində Şuşa şəhərinin azad olunması isə müharibənin taleyini həll etdi. Məğlub Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Antiterror əməliyyatları sonrası ərazi bütövlüyü tam bərpa olunan respublikamızda geniş bərpa işlərinə yenidən start verilib.

Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini