08 Dekabr 2024

Ağstafada Sərbəst güləş üzrə region birinciliyi keçirilib

04 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax – Tovuz Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə yeniyetmə və gənclər arasında Sərbəst güləş üzrə region birinciliyi keçirilib.

Birincilikdə Gəncə şəhərindən, Ağstafa, Qazax, və Şəmkir rayonlarından ümumilikdə 110 nəfər yeniyetmə və gənc güləşçi iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Qazax – Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Respublikamızda silsilə tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin məqsədi isə Ümummilli Liderin xalqımız üçün yerinə yetirdiyi misilsiz xidmətlərin gənc nəsillərə çatdırılmasıdır. Həmçinin natiqlər idmana, bədən tərbiyəsinə bağlı gənclərin yetişdirilməsi məqsədilə belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Daha sonra birinciliyə start verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən açıq region birinciliyi yüksək nəticə əldə etmiş yeniyetmə və gənclərə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Gənclər və İdman idarəsinin diplom və medalları təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.