19 May 2024

Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 100-dən çox ölkədən 700 qonağın iştirak etdiyi tədbirdə moderator, ABŞ-ın Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem Prezident İlham Əliyevi uzaqgörən lider, mədəniyyətlərarası dialoqun və multikulturalizmin qlobal carçısı kimi dəyərləndirərək bildirdi ki, 2008-ci ildə cənab İlham Əliyev müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi üçün məxsusi təşəbbüsü – “Bakı Prosesi”ni irəli sürdü. Bu cür uzaqgörən yanaşma sərhədləri aşaraq və parçalanmanı aradan qaldıraraq millətlər arasında da daha böyük anlaşma və qarşılıqlı hörmətə yol açdı.

Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında günümüzün əsas çağırışlarına diqqəti yönəldərək təəssüf hissi ilə bildirdi ki, 2019-cu ildə Bakıda görüşümüzdən sonra dünya təhlükəsiz olmayıb. Yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Belə bir əminlik ifadə edildi ki, Forumda yeni ideyalar və yanaşmalar formalaşacaq və bunlar qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantlarının tapılmasına kömək olacaq. Gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycanın öz təcrübəsi var.

Reallıq budur ki, əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Coğrafi mövqeyi, Şərq ilə Qərb arasında yerləşməsi bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Cənab İlham Əliyev belə bir çağırışı etdi ki, biz bu müsbət tendensiyaları, mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik.

Dünyanın qlobal problemlərinin ölkəmizdə müzakirə olunması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin təqdimatıdır. Ümumilikdə Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilib. Elə ay, həftə yoxdur ki, paytaxt Bakı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsin, yaxud Azərbaycan diplomatik uğurları ilə diqqətdə olmasın.

Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə diqqət yönəldildi. Qarşıda duran çağırışların həlli yolları müzakirə olundu. 100-dən çox ölkənin Forumda təmsil olunması bu tədbirin miqyasının getdikcə genişlənməsinin göstəricisidir.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişləndi, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artdı. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Cənab İlham Əliyev çıxışında bu məqamı da xüsusi vurğuladı ki, “Bakı Prosesi” başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları – ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirib bir məqsəd ətrafında toplayacağıq. Əsas məsələ budur ki, necə edək dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır.

Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi də dünyanı narahat edən prioritet məsələlərin müzakirəsidir. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkan kimi nüfuz qazanmasında ölkəmizdə mövcud sabitlik əhəmiyyətli rol oynayır. Azərbaycan sabitləşdirici, birləşdirici aktor kimi dünyanın diqqətindədir. Ölkəmizin bu gün regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsini təklif etməsi və bunun reallığa çevrilməsi istiqamətində səylər göstərməsi də deyilənlərin təsdiqidir. Bu çağırış belə bir ümidə əsas verir ki, Ermənistan tezliklə ona verilən şansı dəyərləndirəcək və regionun sülh, təhlükəsizlik və əməkdaşlıq dövrü başlayacaq. Forumdakı çıxışında cənab İlham Əliyevin qeyd etdiyi kimi, otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri