27 İyul 2024

COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir

Azərbaycan özünün Avropadakı mühüm siyasi və iqtisadi tərəfdaşlarından biri olan Almaniya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Almaniya ölkəmizin iqtisadi resurslarına maraq göstərir,  Azərbaycanın regionda lider mövqeyini tam dəstəkləyir. Son illərdə Prezident İlham Əliyevin Almaniyaya səfərləri iki ölkə arasında münasibətləri sürətli inkişaf etdirib. Dövlətimizin başçısının aprelin 26-da Almaniyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər. Dövlətimizin başçısı mətbuat konfransındakı çıxışında Almaniya-Azərbaycan əlaqələrinin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycanın yaşıl gündəliyinin artıq bəlli olduğunu   qeyd edən dövlətimizin başçısı  bildirib ki,  “Biz indi Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.”

Dövlətimizin  başçısı Qarabağda və Şərqi Zəngəzurda aparılan  bərpa, yenidənqurma işləri barəsində də məlumat verib və bütün bərpa, yenidənqurma işlərinin  maksimum şəffaf şəkildə aparıldığını diqqətə çatdırıb.

Bütün sualları çox diplomatik və əsaslandırılmış şəkildə cavablandıran dövlətimizin başçısı jurnalistin – “iqlim dəyişmələrinə həsr olunan bu mötəbər tədbirə nə üçün növbəti dəfə yenə neft-qaz ölkəsi evsahibliyi edəcək?” – sualına cavab olaraq bildirib ki, “neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıdır. Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir. Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir.”

Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentindəki çıxışı da beynəlxalq aləmdə  diqqətlə izlənilib. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın qlobal tədbirə hazırlığın fəal mərhələsində olduğunu və yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni etdiyini vurğulayan prezident İlham Əliyev bildirib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir.

Bəli, ölkəmiz yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni edir. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il ərzində sədirliyi zamanı Azərbaycan Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurmuşdur.  Bir çox Avropa ölkələri ilə münasibətlərimiz  də uğurla inkişaf edir. Xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. Dövlətimizin başçısının çıxışında vurğuladığı kimi, bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik.

Bu səfər Almaniya ilə bütün sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm təkan verəcək.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı