11 Oktyabr 2024

Bu gün Şuşanı azad görmək hər bir vətənpərvər azərbaycanlını qürurlandırır

Ümummilli Lider Heydər Əlievin ikinci dəfə hakimiyyətə gəldiyi dövr Azərbaycan üçün çox çətin bir sınaq dövrü idi. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilmiş,yüz minlərlə qaçqın və məcburi köçkün ölkənin müxtəlif bölgələrinə səpələnmişdi. Ulu Öndər Heydər Əliyev torpaqlarımız işğaldan azad edilənə qədər ölkə daxilində qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər gerçəkləşdirdi. O, hakimiyyətə gəldiyi ilk vaxtlardan qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllini dövlətin əsas siyasətinə çevirdi.

“Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir”, – deyə Ümummilli Lider bu insanlarımızla bağlı fikirlərini ürək ağrısı ilə belə ifadə etmişdi.Hər zaman xalqının yanında olan Heydər Əliyev dəfələrlə çadır şəhərciklərinə yollanır,orada yaşayan insanların şəraitləri ilə şəxsən tanış olur,onlarla səmimi ünsiyyət qurur, problemlərinin həllinə çalışırdı.Heydər Əliyev siyasi yolunu ötən 20 il ərzində uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf mərhələsnə yüksəltdi, dünyanın sayılıb-seçilən, regionun lider ölkəsinə çevirdi. Xüsusilə ordu quruculuğunda mühüm irəliləyişlər əldə edildi, Silahlı Qüvvələrimizin arsenalı müasir silah və sursatlarla, hərbi texnika ilə zənginləşdirildi, peşəkar hərbi kadrların yetişdirilməsinə xüsusi önəm verildi.

Ölkəmizdə əlamətdar günlərdən biri də mayın 10-da – Ulu Öndərin 101-ci doğum günündə Şuşada yaşandı.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Məlum olduğu kimi ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Prezident İlham Əliyev qala şəhərimizin əzəli sakinləri ilə doğma yurdlarında görüşərək onların qayıdış sevinclərini bölüşdü. Azərbaycanın dostlarına sevinc bəxş edən,düşmənlərinə göz dağı olan bu görüş zamanı Qalib Lider İlham Əliyev həm də Qarabağın Şuşa zirvəsindən bütün dünyaya mühüm mesajlar çatdırdı,vacib ismarıclar göndərdi, sərt xəbərdarlıqlar etdi. Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və Bakının rəyi öyrənilmədən, maraqları nəzərə alınmadan bölgədə hər hansı addımın atılması mümkünsüzdür.

Cənab Prezidentin Fizulidə, Laçında, Şuşada bir sıra mühüm obyektlərin təməlini qoyması və açılışını etməsi,xüsusilə mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimidə iştirakı hər bir azərbaycanlının sevincinə sevinc qatdı.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı