14 May 2024

Azərbaycan Qırğızıstan əlaqələri uğurla inkişaf etdirilir

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun 2024-cü ilin 24-25 aprel tarixlərində Azərbaycana reallaşan dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Bu səfərlə mədəniyyət, soykökü və tarixi baxımdan iki yaxın ölkənin əməkdaşlığının genişləndirilməsində həqiqətən də yeni səhifə açılıb. Bu barədə Bakı və Bişkek münasibətlərinin inkişafında baş verən son hadisələri analiz edərkən konkret fikir söyləmək olar. Qeyd etmək lazımdır ki, səfərin gündəliyi kifayət qədər geniş və zəngin idi. İlk növbədə Dövlətlərarası Şuranın ikinci iclasının uğurla keçməsi təqdirə layiq idi. Tərəflər arasında imzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.

Qırğızıstan və Azərbaycan münasibətlərinin aktivləşməsi, görünür, bütün istiqamətlərdə uzunmüddətli və səmərəli xarakter daşıyacaq və iki ölkənin inkişafının maraqlarına xidmət edəcək. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirilməsi isə qardaş dəstəyinin əyani təzahürüdür. Qırğız xalqının böyük oğlu, dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş Çingiz Aytmatovun Bakıda abidəsinin açılışı böyük mədəni hadisədir.

Azərbaycan və Qırğızıstan energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Azərbaycan və Qırğızıstanın əməkdaşlığı iqtisadi potensialımızın daha da artırılmasına, eləcə də türk dünyasının bir-birinə inteqrasiyasına böyük töhfə verəcək. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksək səviyyədə inkişaf edir. Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyəti böyükdür. Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Qırğızıstan prezidentinin Azərbaycana son səfərində iki ölkə arasında imzalanan 10 sənəd elm, təhsil, energetika, miqrasiya və digər sahələrini əhatə edən sözləşmə bunu deməyə əsas verir.

Sadır Japarovun Prezident İlham Əliyevlə arasında dost münasibəti dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə də müsbət təsirini göstərməkdədir. 30 il ərzində Qırğızıstan Ermənistan-Azərbaycan,Qarabağ münqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Qırğızıstan indi də Azərbaycanın yanındadır. Bundan sonrakı illərdə də Qırğızıstan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına töhfə vermək niyyətindədir. Qırğızıstan üçün önəmli olan məsələ yeni geosiyasi reallıqlarda əməkdaşlıq imkanlarının daha da gücləndirilməsidir. Ona görə də Zəngəzur dəhlizi bütün Orta Asiya dövlətləri kimi, Qırğızıstan üçün də maraqlıdır. İnanırıq ki, ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək və hər iki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə olacaqdır.

Tağı İmamverdiyev YAP Ağstafa rayon təşkilatının əməkdaşı