19 May 2024

Zəfərimizin reallıqlarını yaşayırıq

Tarixi Zəfərimizin reallıqları əsasında işğaldan azad edilmiş ərazilərimiz bu gün quruculuq meydançasına çevrilib. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara hər səfəri tarixi hadisədir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Laçın rayonlarında, Şuşa şəhərində oldular. Ölkə Prezidentinin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərində birinci yaşayış kompleksinin açılışında iştirak etmələri və şəhərə köçmüş ilk sakinlərlə görüşü rəmzi məna daşıyır.  Həmçinin səfər çərçivəsində üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Qeyd edək ki, cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xalqa müraciətini də bu məkandan etmişdi. Ulu Öndərin ən böyük arzusu Qarabağın, Şuşanın, Xankəndinin işğaldan azad edilməsi idi. Bu gün bu arzunun reallığa çevrilməsi ilə həm dahi şəxsiyyət Heydər Əliyevin, həm də şəhidlərimizin ruhu şaddır. Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar.

Dövlət başçısı İlham Əliyev doğma yurd-yuvasına qayıdan şuşalılarla görüşündə bildirdi ki, bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərdi ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi.

Cənab İlham Əliyev onu da qeyd etdi ki, mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklərini hesab edirdilər. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Müharibənin birinci günündə əldə olunmuş qələbə – bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı.

Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Şuşanın işğaldan azad edildiyi tarix Zəfər Günü kimi təsis edildi.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistana bütün tarix boyu unuda bilməyəcəyi dərsi verdiyi halda   silahlı birləşmələri mütəmadi olaraq sərhəddə təxribatlar törədir, Azərbaycanın tarixi Zəfərdən sonra qarşı tərəfə təklif etdiyi sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını açıq-aydın şəkildə nümayiş etdirir, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmirdi. Bu prosesin davam etməsi Azərbaycan Ordusunu ötən il sentyabr ayında bir günlük antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu.  Antiterror əməliyyatı nəticəsində tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik. Dövlətimizin gücünü və siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak etdilər. Dövlətimizin başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bir daha bildirdi ki, biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar.  Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atıldı, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşdılar.  Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır. Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq, zəfər və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək.

Bu gün böyük qürur hissi ilə tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı və sürətli bərpa-quruculuq işləri soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qovuşması ilə diqqətdədir.  

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri