27 İyul 2024

Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

7 may 2024-cü il tarixində Prezident İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib. Bildirilib ki, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir.

Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Bir çox sahələr üzrə aparılacaq işlərə də önəmli razılıq əldə olunub. İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var.  Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir.

Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır. Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı