10 Oktyabr 2024

Ağstafada Ulu Öndərin xatirəsinə həsr olunan intellektual yarış keçirilib

29 aprel 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı və  Qazax-Tovuz Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında rayon birinciliyi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Qazax-Tovuz Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev və Ərazi Partiya Təşkilatlarının üzvlərindən ibarət komandalar iştirak ediblər.

Tədbirə başlamazdan öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman  oğulların əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Qazax-Tovuz Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək komandalara uğurlar arzulayıblar.

10 komandanın birincilik uğrunda mübarizə apardığı yarış 30 sual olmaqla, 2 turda təşkil olunub. Suallar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Qarabağ tarixini, eləcə də ümumi dünyagörüşünü əhatə edib.

Gərgin keçən mübarizənin yekununda “Ağstafa şəhər Təhsil İşçiləri” Ərazi Partiya Təşkilatının “Günəş” komandası I yerdə, “Vurğun qəsəbə” Ərazi Partiya Təşkilatının “Qarabağ” komandası II yerdə, “Aşağı Göycəli kənd” Ərazi Partiya Təşkilatının “Dəmir Yumruq” komandası isə III yerdə qərarlaşıb.

Qalib komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunublar.