19 May 2024

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

“44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olduqdan sonra ənənəvi olaraq Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının keçirilməsinə başlanılmışdır”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

Asif Əsgərli deyib ki, hər il bu festivalda dövlət rəhbərliyinin iştirakı tədbirin nə dərəcədə önəmli olmasının göstəricisidir: “Builki festivalda da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Bu il diqqət çəkən məqam “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasiminin də keçirilməsidir. Dövlətimizin başçısı tədbirdə çıxışında qeyd etdiyi kimi, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq: “Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi”. Azərbaycan öz mədəniyyətini qürurla tanıdır. Xüsusən Şuşa şəhərinin simasında dünyaya mədəniyyətlə bağlı sislsilə tədbirlər təşkil edilir”.

O qeyd edib ki, il ərzində Şuşada müxtəlif səpkili təbirlər olacaq: “Bunların hər birində xaricdən nüfuzlu qonaqlar dəvət olunacaq: “Bu baxımdan elə mayın 11-də açılış mərasimində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin iştirak etəməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu tədbirlə, eyni zamanda, İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”.