19 May 2024

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: “1 nəfər üçün aylıq…”

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin yataqxanalarına üz tuturlar.

Bəs yataqxanaların qiyməti tələbələrin cibinə uyğundurmu?

Mövzu ilə bağlı Sfera.az-a danışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Nicat Abdullayev bildirib ki, yataqxanaların qiyməti şəraitinə görə bir-birindən fərqlənir:

“Məsələn, Bakı Dövlət Universitetinin 5 mərtəbəli yataqxasında 1 nəfər üçün aylıq ödəniş 75 manatdır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin aylıq qiyməti 60 manatdır. Burada 450-ə yaxın tələbə yerləşir. Tələbələrin istifadəsinə verilən yataqxana hər cür şəraitlə təmin olunub. Tələbələrdən alınan aylıq ödəniş yataqxananın aylıq xərclərinin qarşılanması üçündür”.

Mütəxəssis qeyd edib ki, Azərbaycan Tibb Universitetinin 4 yataqxanası mövcuddur:

“Yataqxanalar oğlan, qız və xarici tələbələr üçün ayrı-ayrı istifadəyə verilib. Bu yataqxanların ödənişi 50-80 manat arasnda dəyişir. Özəl ali məktəblərin yataqxanalarının qiymətləri də fərqlidir. Bakı Avrasiya Universiteti yataqxanasının qiyməti 120-150 manat arasında dəyişir. Bu universitetin 5 mərtəbəli yataqxanası fəaliyyət göstərir. Yataqxanalarda şəhid və qazi ailələrinə, ailəsini itirmiş uşaqlara, o cümlədən sosial həssas qrupa aid tələbələrə xüsusi güzəştlər edilir”.

Qeyd edək ki, kirayə evlərlə müqayisədə yataqxanalar tələbələr üçün daha sərfəlidir.