04 Noyabr 2024

Bərdənin musiqi məktəbində şəhid Elməddin Yusifovun anım günü keçirilib

Qarabağ Regional Mədəniyyət İdarəsinin iki müəssisəsi- Bərdə rayon Mədəniyyət Mərkəzi və Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbi birlikdə Şəhid Elməddin Yusifovun doğum günü ilə əlaqədar olaraq“Vətəni yaşadanlar” adlı ədəbi-bədii gecə təşkil ediblər.

Tədbirdə  Şəhidimizin ailə üzvləri, şəhid ailələri ,şəhidin  döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova da başda olmaqla çıxış edən müəllimlər, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri şəhid Elməddin Yusibovun qısa həyat yolundan və göstərdiyi  şücaətindən danışıblar. Onlar belə igidlərimizin bu gün məktəbli gənclərin vətənpərvərlik ruhunda böyüməsində nümunə olduqlarını xüsusi vurğulayıblar.

Şəhid Elməddin Yusibovun anası Nigar Yusibova tədbirin təşkilatçılarına , o cümlədən iştirakçılara, xüsusilə uzaq rayonlardan gəlmiş şəhid ata-analarına minnətdarlığını bildirib. Bərdə ilə yanaşı Zaqatala , Xaçmaz və digər rayonlardan da təşrif buyurmuş şəhid anaları vətən amalının müqəddəsliyindən danışıblar. Şəhidlərə həsr olunmuş anım günlərinin keçirilməsini yüksək qiymətləndiriblər.

Tədbirdə Elməddin Yusibovun təhsil aldığı Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbin, Mirzalıbəyli kənd tam orta məktəbin, T.İsmayılov adına 1 saylı tam orta məktəbin şagird və müəllimlərinin musiqi nömrələri və şeirləri iştirakçılara duyğulu anlar yaşadıb.

Onu da qeyd edək ki, Yusifov Elməddin Mahir oğlu 1995-ci il aprelin 28 -də Bərdə rayonunda dünyaya gəlib.

2002-2013-cü illərdə Mirzalıbəyli kənd orta məktəbində oxumuşdur. 2013–2015-ci illərdə hərbi xidmətdə olub.

Hərbi xidmətini başa vurduqdan sonra kənddə təsərrüfat texnikasında çalışıb.

2020-ci il sentyabrın 21-də hərbi təlimlərə qatılıb. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elməddin Yusibov Suqovuşan və Murovdağ döyüslərində savaşıb. O, oktyabrın 30-da Murov yüksəkliyi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub.

2 noyabr 2020-ci ildə Bərdə rayonunun Mirzalibəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Yusibov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Yusibov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Yusibov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamı ilə Elməddin Yusibov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.