27 İyul 2024

Bərdədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab bayramı keçirilib

Bərdə rayonundakı Heydər Əliyev Parkında Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş Kitab bayramı  keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən Qarabağ Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, ziyalılar və şagirdlər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş kitab bayramı Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Xalqımızın Ulu Öndərinin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Azərbaycan Ağsaqqallar Şurasının Bərdə rayon şöbəsinin sədri Yaşar Zamanov  açaraq vurğuladı ki, Azərbaycan tarixinin mühüm ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi hadisələrlə zəngin olan dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər həmişə Azərbaycanı və xalqımızı zamanın ən çətin, mürəkkəb və ziddiyyətli sınaqlarından çıxara bilib. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalq təsərrüfatı, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlər qazanılıb.

Y. Zamanov  qeyd etdi ki, hazırda Azərbaycan özünün hər bir sahədə dinamik inkişaf dövrünü yaşayır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən, onun müqəddəs vəsiyyətini həyata keçirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəmi 44 gün ərzində torpaqlarımızı 30 illik erməni işğalından azad etməsi müasir tariximizə qızıl hərflərlə yazıldı.

Ağsaqqallar Şurası Bərdə rayon şöbəsinin sədr müavini  Rzaqulu Şərifov  keçirilən tədbirin mahiyyətindən danışaraq kitabı və mütaliəni cəmiyyətin tərəqqi yolunu nurlandıran işıq kimi qiymətləndirdi. Ulu Öndərin xatirəsinə həsr olunmuş Kitab bayramının əhəmiyyətini qeyd edən natiq kitabın bilik mənbəyi olduğunu, bütün sahələrdəki inkişafın buna bağlandığını söylədi. Heydər Əliyevin hər zaman kitab nəşrinə, kitabxana işinə yüksək dəyər verdiyini, bu sahəyə xüsusi diqqət ayırdığını bildirdi. Bəxtiyar Sadıqov Ağdamda ilk dəfə keçirilən Kitab bayramının gənclər arasında kitabın təbliğinə böyük töhfə verəcəyinə əmin olduğunu diqqətə çatdırdı.

Kitab bayramında Bərdə  Rayon Ağsaqqallar Şurasının üzvü Əliş Şərifov  çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün gördüyü işlərdən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən nəhəng quruculuq işlərindən danışıb.

Ə.Şərifov qeyd etdi ki, Ümummilli liderin xatirəsinə həsr olunan kitab bayramı beşinci dəfə keçirilir. O , belə bir əhəmiyyətli tədbirin bundan sonra da ənənəvi olaraq keçiriləcəyini vurğulayıb.

Tədbir rəsmi hissədən sonra mədəniyyət işçilərinin ifasında davam etdirilib. Tamaşaçılara bir-birindən maraqlı musiqi nömrələri təqdim edilib.

Ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin də iştirak etdiyi kitab sərgisində müxtəlif sahələri əhatə edən, o cümlədən ulu öndər Heydər Əliyevdən bəhs edən üç min nüsxəyə yaxın nəşr nümayiş olunub. Açıq havada sərgilənən kitablar rayon sakinlərinə hədiyyə edilib. Sərgi sakinlərin marağına səbəb olub və razılıqla qarşılanıb.

Musa Muradlı- Media1.az