08 Dekabr 2024

MÜSTƏQİLLİK İLLƏRİNDƏ AZƏRBAYCAN-QIRĞIZISTAN RESPUBLİKALARI ARASINDA MƏDƏNİ ƏLAQƏLƏR

Azərbaycan və Qırğızıstan dövlətləri arasında münasibətlər qədim tarixə malikdir. Hər iki xalq arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Belə ki, azərbaycanlılarla qırğızları eyni kök, mədəniyyət, qədim tarix və ənənələr, həmçinin dil və din birliyi birləşdirir. Uzun müddət bu xalqlar bir imperiyanın tərkibində olmuş, vahid bir mərkəzdən idarə olunmuşlar. SSRİ dağıldıqdan sonra bu iki xalq arasında münasibətlər daha da inkişaf etməyə başlamışdır. Qırğızıstanda hal-hazırda 20 minə qədər azərbaycanlı yaşayır. Burada yaşayan soydaşlarımızın əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır.Ölkənin tanınmış insanları arasında da azərbaycanlılar çoxdur. Soydaşlarımız əsasən Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar.

İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvarın 19-da Ümumilli lider Heydər Əliyevin Qırğızıstana rəsmi səfəri zamanı qoyulmuşdur. Bu əlaqələr daha sonra hər iki ölkənin Prezidentlərinin rəsmi səfərləri ilə daha da inkişaf etdirilmişdir. Belə ki,  Heydər Əliyev 1995-ci ildə Qırğızıstana növbəti səfəri zamanı Bişkekdə Qırğız xalqının qədim eposu olan, türk xalqlarının birliyinin və həmrəyliyinin rəmzi kimi qiymətləndirilən “Manas” dastanının 1000 illik yubileyində iştirak etmişdir.İki ölkə arasında rəsmi səfərlər sonrakı dövrlərdə də uğurla davam etdirilmişdir.

2000-ci ilin aprelin 8-9-da Qırğızıstan Prezidenti Əskər Akayev “Dədə Qorqud” eposunun 1300 illik yubileyinə həsr edilmiş Türkdilli Dövlətlərin başçılarının sammitində iştirak etmiş, Azərbaycan nümayəndə heyəti isə 2000-ci ilin payızında Qırğızıstanın Oş səhərinin 3000 illiyində iştirak etmişdir.

İki ölkə arasında Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş əlaqələr varislik prinsipi əsasındaİlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində daha da inkişaf etdirilərək, iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələr daha da genişləndirilmişdir.

2008-ci ilin fevral-mart aylarında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 80 illiyi münasibətilə Azərbaycanda bir sıra təntənəli tədbirlər keçirilmiş, Prezident İlham Əliyev Ç.Aytmatovu Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif etmişdir.

11-12 oktyabr 2022-ci ildə Prezident İlham Əliyev Qırğız Respublikasında dövlət səfərində olmuşdur. Səfər zamanı Bişkekdə Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına salınan Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimi olmuşdur.

2024-cü ilin 24 aprelində isə Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olmuş, iki ölkə arasında səhiyyə, elm və təhsil, energetika, gömrük, miqrasiya sahəsində əməkdaşlığa dair ümumilikdə 18 sənəd imzalanmışdır. Həmçinin, səfər zamanı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Dini İşlər üzrə Dövlət Komissiyası arasında Anlaşma Memorandumu imzalanmışdır. Sənəd din sahəsində dövlət siyasətinin aparılması üzrə məlumat və təcrübə mübadiləsi, dini təhsil müəssisələri arasında tərəfdaşlığın dəstəklənməsi və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı özündə əks etdirir.

Bundan əlavə,  24 apreldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.

25 aprel 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən Xıdırlı kənd tam orta məktəbinin təməli qoyulmuşdur. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir.

Göründüyü kimi, Azərbaycan və Qırğızıstan Respublikaları arasında 1993-cü ildə Ümumilli lider Heydər Əliyevin Qırğızıstana rəsmi səfəri ilə təməli qoyulan mədəni-diplomatik əlaqələr, bugündə qarşılıqlı rəsmi səfərlər vasitəsilə yüksək səviyyədə davam etdirilir. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri daim yüksələn xətlə inkişaf edir.

İsmayılov Nicat Əli oğlu,

YAP Bərdə rayon təşkilatının fəalı, Bərdə şəhər 8 nömrəli tam orta məktəbin direktoru.