Ağdamlılar Heydər Əliyevi necə müdafiə etdilər?
Heydər Əliyev ağdamlılar haqqında Sabir Rüstəmxanlıya nə dedi?
90-cı illərin əvvəllərində o vaxtkı Respublika rəhbəri,mərhum Ayaz Mütəllibov və komandasının Heydər Əliyevə təşkil etdiyi hücumlar çoxlarının yadındadı. Moskvadan, konkret olaraq, Qorbaçovdan Heydər Əliyevi böyük siyasətə buraxmamaq əmri alan Mütəllibov bunun üçün bütün resurslarını səfərbər etmişdi. Dövlətin rəsmi mətbuat orqanları, televiziya, xüsusi ilə, Parlament H.Əliyevə qarşı əsil cəbhəyə çevrilmişdi. Onun Ali Sovetdəki bütün çıxışlarına xüsusi öyrədilmiş şəxslər tərəfindən maneçilik törədilir, kimlərsə ayaqlarını yerə döyür, kimlərsə replikalar atır, Heydər Əliyevi məqsədli olaraq siyasi intriqalara cəlb etmək,müvazinətindən çıxarmaq istəyirdilər. Yaşından, ictimai mövqeyindən, çəkisindən asılı olmayaraq çoxluqda olan mütəllibovçu deputatlar xalqın Ümummilli Liderə olan münasibətini gözardına alıb, verilən sifarişi yerinə yetimək üçün dəridən-qabıqdan çıxırdılar. Əksəriyyəti vaxtı ilə Heydər Əliyev tərəfindən yüksək vəzifələrə təyin edilən, fəxri adlar, dövlət mükafatları verilən adamlardan ibarət bu komandanın qərəzli münasibəti artıq hər kəsdə ikrah hissi doğururdu. 1991-ci ilin noyabrında Parlamentdə çıxışı zamanı deputat- Xalq yazıçısı, mərhum Bayram Bayramov da fərqli mövqe sərgiləmədi. O, “Qarabağ əldən gedir, Qarabağı qorumaq üçün dövlət təcili tədbirlər görməlidir !”- deyə həyəcan təbili çalan Heydər Əliyevə “Qarabağ indiki kimi heç vaxt Azərbaycanın olmayıb, gəl, səni vertolyota mindirim, Qarabağı gəzdirim” kimi yekəxana və sayğısız replika verdi. Onun belə davranışı həm Parlamentdə, həm də bütövlükdə Respublikada geniş etirazlara səbəb oldu. Bu çətin dönəmdə, Qarabağ probleminin həll olunmasında H.Əliyev kimi siyasi nəhəngin təcrübəsindən faydalanmaq əvəzinə onu küncə sıxışdırmaq, sıradan çıxarmaq cəhdləri hər kəsi narahat edirdi. Mərhum xalq şairi Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı və digərləri H.Əliyevə hücumları kəskin pislədilər. Ən maraqlı addım isə Bayram Bayramovun yerliləri – ağdamlılar tərəfindən atıldı. O vaxtlar təyinat-göndərişlə Ağdamda işləyən qardaşım Əsəd İsmayılov rayon ictimaiyyətinin münasibətini Heydər Əliyevə müraciətlə bildirmək təşəbbüsünü irəli sürdü. Ağdam ziyalıları bu təşəbbüsü dəstəkləməklə bərabər, Bayram Bayramova etiraz məktubu, həmçinin, Heydər Əliyevi müdafiə etdiyi üçün Bəxtiyar Vahabzadə və Sabir Rüstəmxanlıya da minnətdarlıq məktubları yazmağı təklif etdilər. Müraciətlərin mətnini yazmağı, digər təşkilati işləri elə qardaşım Əsəd öz üzərinə götürdü. Qısa müddət ərzində yüzlərlə ağdamlı Heydər Əliyevə, Bayram Bayramova, Bəxtiyar Vahabzadə və Sabir Rüstəmxanlıya ünvanlanan müraciətə imza atdı. Bütün bunları qardaşım mənə zəng edəndə bildim. Telefon danışığı zamanı səhər tezdən yaxınlığında yaşadığım Şmidt ( sonralar Səttarxan ) zavodu qarşısında iş yoldaşının mənə məktublar verəcəyini, onların lazımi ünvanlara çatdılmalı olduğumu dedi. Məktublar H.Əliyevə, B.Bayramova, B.Vahabzadəyə, S.Rüstəmxanlıya idi. Sabir Rüstəmxanlı o vaxtlar Bayram Bayramovun rəhbərlik etdiyi Qarabağa Xalq Yardımı Komitəsinin mətbu orqanı, olduqca populyar “Azərbaycan” qəzetinin Baş redaktoru idi və hər ikisini orada tapacağımı təxmin edirdim. İndiki ADNSU-nun korpusuna bitişik binaya gəlib “Azərbaycan” qəzetinin redaksiyasına qalxdım. Qapını döyüb içəri girdim. Sabir bəy redaksiya əməkdaşları ilə birlikdə böyük bir masa üzərinə səpələnmiş materialları müzakirə edirdilər. Özümü təqdim edib ona ağdamlılardan məktub göndərildiyini bildirdim. Redaksiya üzvü olan Bəxtiyar Vahabzadənin otağını soruşdum. “Bəxtiyar Vahabzadə redaksiya üzvü olsa da, buralara az-az gəlir”- dedi. O zaman onun məktubunu da Sabir bəyə verdim və Parlamentdə özünə çatdırılmasını xahiş etdim. Sonra Bayram Bayramovun otağını tapdım. Köməkçisi onunla danışdı və dərhal içəri dəvət etdi.Tək deyildi. Özü masanın arxasında, qarşısında isə üz-üzə 2 nəfər əyləşmişdi. Hava soyuq olduğundan paltosunu çiyninə salmışdı. – Bayram müəllim, sizə ağdamlılardan məktub var. Bunu eşidəndə sifətinə qəribə bir məmnunluq ifadəsi gəldi. Məlum davranışına görə güclü qınağa tuş gələn Bayram Bayramov yerlilərindən dəstək aldığını güman edirdi, deyəsən. Məktubu uzatdım. Alıb dərhal açdı və ilk sətirləri oxuyan kimi sifətinin ifadəsi dəyişdi. Ağdamlılar da Bayram məllimi sərt şəkildə tənqid edir, onun Heydər Əliyevə qarşı mövqeyini kəskin pisləyirdilər. Məktubu tam oxumadan siyirməyə qoydu və üzünü mənə tutub “oğlum, sən haradansan?” – soruşdu. ”Tələbəyəm,universitetdə oxuyuram. Bayram müəllim, mən dərsə tələsirəm, gedə bilərəm?”- deyə icazə istədim. “ Get oğlum, get”-çiynindən sürüşən paltosunu düzəltdi. Oradan çıxıb Heydər Əliyevin məktubunu çatdırmaq üçün Parlamentin binasınıa gəldim. Polis heç kimi binaya yaxın buraxmırdı. İki günlük cəhdlərimdən sonra məktubu bu yolla çatdıra bilməyəcəyimi anladım və yenidən “Azərbaycan” qəzetinin redaksiyasına qayıtdım. Bu məktubu da Sabir Rüstəmxanlıya verib Heydər Əliyevə çatdırmasını xahiş etdim və…illər sonra, ötən ilin yayında İçəri Şəhərdə keçirilən kitab sərgisində Sabir Rüstəmxanlı ilə qarşılaşdım. Ağdamlıların məktublarından söz saldım və məktubu Heydər Əliyeviə çatdırıb-çatdıra bilməməsini, soruşdum. – Əlbəttə, çatdırdım,-Sabir bəyin üzünə təbəssüm çökdü. Heydər Əliyev çox məmnun qaldı və “Sabir, mən heç təəccüblənmədim, mərd- qəhrəman ağdamlılardan elə bunu da gözləyirdim”- dedi…
Sübhan İsmayıllı