Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
Azərbaycanın Qarabağ Zəfərindən sonra Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da birlik amallarına sadiq qalacaq. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.
Türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri artıq davamlı xarakter alıb. Aprelin 24-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri də bir çox məqamlara aydınlıq gətirdi. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatında bildirib ki, qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb.
Qırğızıstan və Azərbaycan münasibətlərinin aktivləşməsi, görünür, bütün istiqamətlərdə uzunmüddətli və səmərəli xarakter daşıyacaq və iki ölkənin inkişafının maraqlarına xidmət edəcək. Əslində həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsində öz fəallıqları ilə seçilirlər.
Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirilməsi isə qardaş dəstəyinin əyani təzahürüdür. Qırğız xalqının böyük oğlu, dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş Çingiz Aytmatovun Bakıda abidəsinin açılışı böyük mədəni hadisədir.
Azərbaycan və Qırğızıstanın əməkdaşlığı iqtisadi potensialımızın daha da artırılmasına, eləcə də türk dünyasının bir-birinə inteqrasiyasına böyük töhfə verəcək. Təbii ki, burada həyata keçirilən layihələr haqqında informasiya və sinxronlaşdırma ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməlidir.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı