Cənubi Qafqazda artan gərginlik:Rusiya Gürcüstanda ikinci cəbhə açmağa risk edərmi?!
Həftənin ən qaynar xəbərləri içərisində Rusiyanın Ukraynada apardığı işğalçı müharibə girdabında çabalaması və uğursuzluqlarını ört basdır etməsi fonunda MN də kadr dəyişikləri ilə yadda qaldı. Adekvat manevrlər fonunda genişləndirilmiş Avropanın yeni sərhədlərinin Cənubi Qafqaza qədər uzadılmasına dair planların regionumuzda yeni təlatümlər yaradacağı gözlənilirdi. Gürcüstan və Ermənistanda cərəyan edən proseslərin nəticəsi şübhəsiz ki, Azərbaycana da ciddi təsir göstərəcək. Belə ki, Ermənistanda baş verənlər Gürcüstandan daha təhlükəlidir. Gürcüstanda faktiki olaraq hakimiyyət və xalq mübarizəsi gedir, qarşıdurmalar siyasi arxaplandan daha çox, sosial-iqtisadi səbəblərdən qaynaqlanır. Həm hakimiyyət, həm də nümayişçilər baş verənlərə görə əsasən xarici qüvvələri günahlandırır. Siyasi hakimiyyət iqtidarı itirmək istəmirsə, belə miqyasdakı xalq nümayişlərinin qarşısında geri addım atmağa məcburdur, əks halda hakimiyyətin devrilməsi qaçılmazdır. Gürcüstanda ortaya çıxa biləcək ən pis ssenari hökumətin devrilməsinə reaksiya olaraq, Rusiyanın ölkəyə hərbi müdaxilə etməsidir. Amma Ukrayna cəbhəsinin ən kritik dövründə Rusiya Gürcüstanda ikinci cəbhə açmağa risk edərmi?!
Politoloq Rasim Zeynalov
Ekspert,politoloq Rasim Zeynalovun fikrincə Ermənistanda önəmli ölçüdə vətəndaş müharibəsi təhlükəsi var. Gürcüstandan fərqli olaraq, Ermənistanda xalq bölünmüş və qərarsız görünür. Tərəflər də yaranmış vəziyyətə görə bir-birini günahlandırırlar. Keşiş Baqrat üsyanı çox fərqli kəsimlər tərəfindən dəstəklənsə də, üsyan Paşinyan hakimiyyətini devirə biləcək səviyyədə deyil. Paşinyan hakimiyyətini qoruya bilsə də, müxaliflərini, xüsusilə kilsəni əzə biləcək qədər güclü deyil. Bir sözlə, Paşinyan və kilsə mübarizəsində siyasi həll yolu görünmür, bu da hadisələri qan tökülməsinə qədər apara bilər. Hələ ki, iqtidar və müxalifət arasındakı balansı təhlükəsizlik qüvvələri və ordunun hakimiyyətə sadiq olması müəyyən edir. Amma bu da sürüşkəndir. Təhlükəsizlik qüvvələri və ordunun daxilində də kilsəyə və müxalifətə yönələn bölünmələr baş verə bilər. Bu isə vətəndaş müharibəsinin ilk mərhələsi ola bilər. Ən əsası, Rusiya üçün Ermənistanda vətəndaş müharibəsini alovlandırmaq, Gürcüstanı işğal etməkdən daha rahat və strateji baxımdan daha önəmli seçim olardı. Ermənistanda qərbyönümlü Paşinyanın devrilməsi, Rusiyanın Gürcüstanla bağlı narahatlığını xeyli azalda bilər. Nə də olsa, Ermənistandan fərqli olaraq, Gürcüstanla Rusiyanın dənizdən və qurudan birbaşa sərhədləri var və Moskva gələcəkdə bu ölkəyə istədiyi vaxt birbaşa müdaxilə edə bilər. Ermənistanda itiriləcək mövqelər isə Rusiya üçün bərpa olunmayacaq xarakterdə olacaq. Ermənistanda gərginliyin pik həddi Azərbaycanla saziş imzalanacağı gün yaşanacaq. İqtidarın da, müxalifətin də real gücü həmin vaxt bilinəcək. Elə Rusiyanın Cənubi Qafqazda oynadığı məkrli oyunların sapları da bundan onra çözüləcək.
Media1 analitik təhlil bölümü