27 İyul 2024

Azərbaycan- Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında inkişaf edir

Bu gün Azərbaycan özünün Avropa ölkələri ilə əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdirir. Artıq bir çox Avropa ölkələri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda Avropa İttifaqının 10 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. O cümlədən uzun müddətdir ki, Azərbaycanla dostluq münasibətləri olan ölkələrdən biri də Bolqarıstandır.

2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın davamlılığını təmin edib. Ötən müddət ərzində Azərbaycan-Bolqarıstan əlaqələri daha yüksək səviyyəyə qalxmış və bu gün sözün əsl mənasında strateji tərəfdaşlıq səviyyəsindədir. Əlbəttə ki, iki ölkə arasında siyasi münasibətlərin xarakterini Azərbaycan və Bolqarıstan Prezidentlərinin təmasları əsasında da müəyyən etmək olar. O cümlədən Bolqarıstan Prezidenti cənab Radevin bu ilin may ayının 8-də Azərbaycana növbəti rəsmi səfəri də ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu bir daha isbatlayır. Bütün bu məqamlar Ölkə Prezidenti cənab İlham Əliyevin Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda öz əksini tapmışdır.

Öz çıxışında cənab Prezident bildirmişdir ki, Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır. Bundan da başqa Bolqarıstan bu gün artıq qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Lakin Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində rolu təkcə qaz təchizatı ilə məhdudlaşmır. Hazırda Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi də özünü göstərəcək. Bunun üçün ölkəmizin potensialı kifayət qədər böyükdür. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib.

Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Bu il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 32-ci ildönümü qeyd olunacaq. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı