15 May 2024

Dilimiz milli kimliyimizdir, tariximizdir

Ulu öndər Heydər Əliyev Azərbaycan dili haqqında danışarkən qeyd edirdi ki, “bu dil  yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın sərvəti kimi düşünülməlidir”. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi tanınmasında və inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Hələ keçən əsrin 70-ci  illərindən başlayaraq Ulu öndər ana dilimizin qayğısına qalaraq, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməmişdir. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda nikbin əhval-ruhiyyə yaratmaq  Ümummilli Liderin  nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi.

Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması haqqında ayrıca maddə daxil edilib. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə – Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.

Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya – latın qrafıkalı Azərbaycan əlifbasına keçdi. Heydər Əliyev  2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezidentimiz Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş etdirmişdir.

Ümummilli Liderin də dediyi kimi dilimiz bizim milli kimliyimizdir.  Dilimiz tariximizdir. Məhz milli-mənəvi dəyərlər mühitində yetişən Azərbaycan gəncliyi Ali Baş Komandanın rəhbərliyi ilə doğma ana dilimizdə yeni bir tarix yazdı. Ali Baş Komandanın “Şuşa sən azadsan, Qarabağ Azərbaycandır!” kəlamı ana dilimizdə eşidə biləcəyimiz ən gözəl kəlamlardan biridir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri