19 May 2024

Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar da mühüm yer tutur

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə impuls vermişdir.

2000-ci ildə Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçilməsi ilə bu ölkənin rəhbərliyi Azərbaycanla münasibətlərdə daha praqmatik vəzifələr və prioritetlər irəli sürməyə başladı. Əvvəlki dövrdən fərqli olaraq yalnız MDB çərçivəsində inteqrasiya məqsəd seçilmədi, hər iki ölkənin milli maraqları (təhlükəsizlik, iqtisadi inkişaf) daha vacib elan olundu. Sonrakı dövrdə Azərbaycan və Rusiyanın sıx dostluq münasibətləri qurması üçün əhəmiyyətli siyasi baza formalaşdırıldı. İki ölkə arasında bu günə kimi 200-dək hökumətlərarası sənəd imzalanıb. Bu sənədlər siyasi, hərbi-texniki, təhlükəsizlik, iqtisadi (ticarət, investisiya, maliyyə, yanacaq-energetika sahəsində əməkdaşlıq, Azərbaycan neftinin Rusiya ərazisi ilə nəql olunması), elmi, mədəni, həmvətənlərin hüquqlarının təmin olunması sahələrini əhatə edir.

Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü də münasibətlərin bundan sonrakı inkişafında mühüm addım hesab edilməldir. Cənab Prezident çıxış edərək qeyd etmişdir ki, Rusiya rəhbərliyi, həmçinin ictimaiyyət Heydər Əliyevin xatirəsinə dərin ehtiram göstərir və Azərbaycan xalqı bu ehtiramı yüksək qiymətləndirir.

Ölkəmizin başçısı bildirib ki, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan BAM-ın tikintisində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı