27 May 2024

Qaytarılan dörd kənd minalardan təmizlənir – böyük sülhə doğru…

Qazağın kəndlərinin təhvil verilməsinə qarşı çıxan ermənilər saxlandı, yol açıldı; növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsi gələcək

Xəbər verildiyi kimi, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazağın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Erməni istehkamçılar aprelin 22-dən Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha da dəqiqləşdirmək məqsədilə minalardan təmizləmə işlərinə başlayıblar.

Bu barədə “Sputnik-Armenia” məlumat yayıb. Azərbaycanla delimitasiya nəticəsində yeni sərhəd Ermənistan tərəfinin nəzarətində qalacaq kilsənin yaxınlığından keçəcək. Aprelin 22-də orada 20-25 istehkamçının işlədiyi bildirilir.

Bir qrup erməni isə kəndlərin Azərbaycana qaytarılmasına qarşı çıxır. Vəziyyət aprelin 22-də polislə qarşıdurmaya qədər kəskinləşib. Erməni əhalisi Tavuşda (Tovuzqala) minalanmış sahələrin təmizlənməsinin qarşısını almaq üçün öz mövqelərinə basqın ediblər. 3 gündür bir dəstə erməninin etirazları dayanmır. Paşinyana İrəvanda gücü çatmayan müxalifət əyalətlərdə təxribatlara əl atıb. Qızışdırılan əhalinin minalardan təmizləmə işinə mane olmasının qarşısını almaq üçün “Voskepar”da minalardan təmizləmə işlərinin başlandığı ərazidə polislər canlı divar düzəldiblər.

Həmçinin aprelin 22-də Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan 7 nəfər saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Ermənistanın Tavuş vilayətində Gürcüstanla dövlətlərarası avtomobil yolunun bağlanması zamanı xuliqanlıq etməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Dünən günün sonunda isə Ermənistan polisi Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən bir qrup şəxsin bağladığı Ermənistan-Gürcüstan yolunda hərəkəti bərpa edib. APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə yerli administrasiyadan məlumat verilib.

Bildirilib ki, sakinlərlə danışıqlardan sonra onlar yolu açmağa razılaşıblar.

Ermənistan-Azərbaycan sərhədlərin delimitasiyası üzrə Komissiyanın tərkibində isə daha bir işçi qrupu yaradılıb. APA-nın “news.am”a istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan qərar imzalayıb. Qrupun tərkibinə Ermənistanın Müdafiə Nazirliyi, Baş Qərargahın, Milli Təhlükəsizlik Xidməti, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, eləcə də Kadastr Komitəsinin nümayəndələri daxil olacaq.

İşçi qrupunun fəaliyyətini koordinasiya etmək vəzifəsi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin departament direktoru David Sanamyana tapşırılıb.

Qrup sərhəd xəttinin Baqanis (Ermənistan) – Bağanis-Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) – Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) – Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) – Qızıl Hacılı (Azərbaycancan) hissələrində koordinatların dəqiqləşdirilməsi ilə məşğul olacaq.

İşçi qrupunun fəaliyyətinə eyni zamanda ərazinin geodezik ölçülməsi və müvafiq protokol-layihənin tərtib olunaraq Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası üzrə Birgə Komissiyaya təqdim edilməsi də daxildir.

Kəndlərlə bağlı anlaşma sözsüz ki, Bakı və İrəvan arasında kövrək etimadın artmasına zəmin olacaq. Elə isə son hadisə sülh sazişini, böyük sülhü yaxınlaşdıracaqmı?  Xatırladaq ki, ötən il 7 dekabrda Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan qəbul edilən sənəddə sülh üçün tarixi imkanların olduğu qeyd olunaraq, Azərbaycan və Ermənistanın bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə bir daha dəstəklərini ifadə etmiş, COP29-un Azərbaycanda keçirilməsinə dair razılıq əldə etmişdilər. Həmçinin 2 hərbi əsirimiz geri alınmış, 32 erməni hərbçi İrəvana verilmişdi. 

Bu, eyni zamanda tərəflər arasında nə Brüssel, nə Paris, nə də Vaşinqton olmadan “sakit” və vasitəçisiz birbaşa diplomatik təmasların nəticəsi idi. Onun ardınca keçən həftə – aprelin 19-da iki ölkənin yenə də heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul etdikləri bəyanat və bunun əsnasında 4 kəndin Azərbaycana qaytarılması növbəti uğurdur. Azərbaycan və Ermənistan arasında aparılan sakit və vasitəsiz diplomatiya onu göstərir ki, xüsusilə ABŞ və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi olmasa, Azərbaycan və Ermənistan sülhə və bu istiqamətdə ciddi nəticələrə imza ata bilər. 

ABŞ, Avropa Birliyi, BMT, NATO, Türkiyə, Almaniya, Latviya, Norveç Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb. Bəs Moskva və Tehran niyə gecikir, təqdir etmir?

Sərhəd xidmətimizin əsgərləri əraziyə nə vaxt daxil olacaq?

Elxan Şahinoğlu: "Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab  verməlidir"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunun fikrincə, 4 kəndin Azərbaycana qaytarılması və sərhədlərin müyyənləşdirilməsi prosesinə başlanılması bölgədə sülh quruculuğu prosesinə təkan verəcək: “Bakı və İrəvan razılaşma əldə edib. Bu, Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasının ardından növbəti uğurlu razılaşmadır. Cənubi Qafqazda yeni mərhələ başlayır. 4 kəndin qaytarılması iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcək. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurması fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar hamının xeyrinədir. Növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsi gələcək. Bunu da uzatmağın Ermənistan üçün faydası yoxdur. Ermənistan, baş nazir Nikol Paşinyanın dediyi kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, son mərhələni də keçməli – Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir və bu belə də olacaq”.

Politoloq qeyd etdi ki, Azərbaycanla Ermənistanın vasitəçi olmadan sərhədlə bağlı ilk razılaşması Rusiya və İrandakı siyasi dairələri düşündürüb. ABŞ, Avropa İttifaqı və Türkiyə əldə edilən razılaşmanı təqdir edərkən, ard-arda açıqlamalar gələrkən, Moskva və Tehrandan hələ ki xəbər yoxdur: “Halbuki Moskva və Tehran hər dəfə deyir ki, bölgə ölkələri uzaq ölkələrin iştirakı olmadan danışıqlar aparmalıdır. Bakı və İrəvan məhz uzaq ölkələrin iştirakı olmadan müsbət nəticə əldə edib. Ancaq Moskva və Tehranda buna sevinən yoxdur. Çünki Rusiya və İrandakı dairələr bölgədə sülhdən çox Cənubi Qafqaz ölkələrinin onların təsiri altında olmasını istəyirlər. Bakı ilə İrəvan arasında əldə edilən razılaşma isə Rusiya və İranın bölgəyə təsirini azaldacaq. Misal üçün, baş nazir Nikol Paşinyan Tavuş bölgəsində artıq Rusiya sərhədçilərinə ehtiyac olmadığını deyib. Bakı ilə İrəvan razılaşma əldə etdiyi gün İranın Ermənistandakı səfiri Mehdi Sübhani Cənubi Qafqazda təhlükəsizliyin hazırkı kövrəkliyinin səbəbini regionda güc balansının pozulması ilə əlaqələndirmişdi: “Biz qəti əminik ki, Cənubi Qafqaz regionunda qüvvələr balansı yaradılmalıdır”. Yəni Tehran öz səfiri vasitəsilə demək istəyib ki, onlar bölgədə güclü Azərbaycanın əleyhinədirlər. Güclü Azərbaycan olmasaydı, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirər və bugünkü razılaşmalar əldə olunmazdı. Tehrana əvvəlki Cənubi Qafqaz lazımdır. Geri dönüş mümkün deyil”.

Azərbaycanın müvafiq qurumlarının, o cümlədən Dövlət Sərhəd Xidmətinin adıçəkilən 4 kəndə dəqiq nə zaman daxil olacağı isə dünənə qədər rəsmi açıqlanmamışdı.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”