11 Oktyabr 2024

Humanitar əlaqələr Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur

Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.

Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşan rəsmi Bakı müxtəlif beynəlxalq aktorlar arasında daim orta xətti qoruyub. Azərbaycanın Qərb, Rusiya və İranla münasibətlərində bizim milli maraqlarımızın nəzərə alınması daim ən ali məqsəd olub.

Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev dünən Moskvaya səfər etdi. Bu, fevralda baş tutan prezident seçkilərindən sonra Moskvaya baş tutan ilk səfər idi. Sözsüz ki, həmişə olduğu kimi, bu dəfə də Kremldə baş tutan görüşə nəinki Qafqazda, ümumilikdə Qərbdə və region ətrafında diqqət böyük idi.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Moskva görüşünün rus sülhməramlılarının vaxtından əvvəl dinc şəkildə bölgəni tərk etməsi fonunda baş tutması, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hazırda qarşılıqlı anlayış şəraitində olmasının bariz nümunəsidir. Bakı və Moskva son addımları ilə siyasətdə vəd və sözünə sadiqliyin nə olduğunu göstərmiş oldular.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini