14 May 2024

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini özümüzə qaytardı

Müstəqil, demokratik Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.

Hər bir xalqın milli kimliyini və onun mənsubiyyətini müəyyən edən amillərdən biri də onun ana dilidir. Azərbaycan dili də öz tarixi keçmişi və zənginlikləri ilə tanınan dillərdən biridir. Tarixə nəzər saldıqda görmək olar ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib və bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Hələ 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Sovetlər dönəmində Azərbaycan Respublikasına rəhbərlik edən Ulu Öndər Heydər Əliyev ana dili məsələsinsə öz cəsarətli mövqeyini bildirməsi və bu istiqamətdə tarixi bir addım atması ilə Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail olmuşdur.

Hər zaman öz tarixinə və ana dilinə xüsusi önəm yetirən Ulu Öndər Heydər Azərbaycan dilinin adını özümüzə qaytarmışdır və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdi.

Azərbaycan dilinə bu gün də dövlətimiz tərəfində xüsusi diqqət və qayğı vardır. Belə ki, müasir Azərbaycan dilinin qloballaşan dünyada qorunub saxlanılması və davamlı inkişafı naminə ölkə başçısı cənab İlham Əliyev tərəfindən bir çox Fərman və Sərəncamlar verilmişdir. Bu isə cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi dəst xəttini və ideyalarını hər bir sahədə layiqincə yerinə yetirdiyinin göstəricisidir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi