28 Aprel 2024

Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyatımız

Xalqın istəyi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimais-iyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Ən əsası isə, bunun üçün ümummilli liderimizə o qədər də uzun bir vaxt tələb olunmadı.

1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaratdı. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanması həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Respublikamizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu.

Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri neft strategiyasının hazırlanması idi. Müəllifi ümummilli lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də başlanıldı. Ulu Öndər Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı. Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının istismarını nəzərdə tutan neft müqaviləsinin imzalanması xarici investisiyanın ölkəmizə axınına səbəb oldu. Bu hələ sovet dövründən başlanan danışıqların, Heydər Əliyev tərəfindən atılan konkret addımlarla həyata keçirilməsi idi.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Ulu öndər bu sazişin əhəmiyyətini qeyd edərək demişdir: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir.”

Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu öndərin adı ilə bağlıdır. Bu gün biz qalib xalq kimi bir daha fəxr edirik ki, azərbaycanlıyıq. Hər birimiz Ulu öndərin ruhu qarşısında baş əyir, onun xatirəsini daima uca tuturuq.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi