19 May 2024

“Azərbaycanda elektrik enerjisinin idxalı 17 dəfə azalıb, ixracı 3 dəfədən çox artıb” – Komitə sədri

“Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix ölkə həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun parlamentin stenoqramına təqdim etdiyi çxışında deyilir.

Millət vəkili xatırladır ki, 42 il əvvəl, 20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub: “Ölkə Prezidenti, cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib. Ölkə iqtisadiyyatının tənzimlənməsində elektroenergetika sənayesinin çox böyük əhəmiyyəti vardır. Dövlətin iqtisadi gücünü və əhalinin yaşayış tərzini müəyyən edən əsas göstəricilərdən biri, əlbəttə, energetika sənayesinin inkişafıdır. Elektroenergetika sənayəsinin bu günki səviyyəsi ümummilli lider Heydər Əliyevin adı ilə üzvi surətdə bağlıdır. SSRİ dövründə Azərbaycan sənayesinin demək olar ki, bütün sahələri iqtisadi tənəzzül dövrünü yaşayırdı. Məhz Heydər Əliyev fenomeni ölkənin iqtisadi müstəqilliyinin təminatında sənayenin hər bir sahəsinə böyük inkişaf gətirdi. Elə bu dövrdə energetika sahəsinin yerini və rolunu düzgün qiymətləndirərək onun inkişafına güclü təkan verilmişdir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın qlobal çağırışlara və müasir inkişaf meyillərinə uyğun enerji gələcəyində və dünyanın enerji təhlükəsizliyi sistemində elektrik enerjisi ixrac edən ölkə kimi yer tutmasında mühüm rol məhz elektroenergetika sektoruna məxsusdur. ““Azərbaycanın çox güclü energetika potensialı olacaqdır” – deyən dövlət başçısı bu sahənin inkişafına ilk vaxtlardan yüksək diqqət yetirdi. Hazırda ölkəmizdə 78 stansiya fəaliyyət göstərir: bunlardan 22-i istilik elektrik stansiyası, 39-u su, 5-i külək, 8-i günəş enerjisi ilə işləyən stansiyalardır. Həmçinin 3 hibrid elektrik stansiya və 1 bioenerji elektrik stansiyası fəaliyyətdədir”, – o qeyd edib.

S.Qurbanov bildirir ki, son 20 il ərzində generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edildi. Onun sözlərinə görə, həmçinin Gürcüstan, Rusiya, İran və Türkiyə ilə enerji sistemlərinin əlaqələndirilməsi sayəsində elektrik enerjisi mübadiləsi və ticarəti həyata keçirilir. “Bütün bunların nəticəsi olaraq ölkəmizdə elektrik enerjisinin istehsalı 2003-cü illə müqayisədə 37% artıb. Bu müddətdə elektrik enerjisinin idxalı 17 dəfə azalıb, ixracı isə 3 dəfədən çox artıb”, – o xatırladır.

Millət vəkili 2003-dən ölkəmizin enerji strategiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının danılmaz fakt olduğunu deyir: “Bu mərhələdə Ulu Öndərin müəllifi olduğu neft strategiyasının hədəfləri reallaşdı. Azərbaycan neft və qazının dünyaya çatdırılması marşrutları – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri istifadəyə verildi. Dünyanın ən böyük qaz-kondensat yataqlarından olan “Şahdəniz”də hasilat başladı. Azərbaycan 2007-ci ildən qaz idxal edən ölkədən qaz ixracatçısına çevrildi. Ölkədə neft hasilatı 2010-cu ildə pik səviyyəyə – 50,8 milyon tona çatdı. Lakin Azərbaycan Prezidenti bu uğurlarla kifayətlənmədi və böyük uzaqgörənliklə ölkənin neft-qaz sektorunun gələcəyi ilə bağlı öz strateji baxışını irəli sürdü. İmkanlardan maksimum istifadə, fürsətlərin vaxtında və düzgün dəyərləndirilməsi nəticəsində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi növbəti mərhələyə daxil oldu. “Ümid”, “Abşeron”, “Qarabağ” yataqları kəşf olundu, güclü enerji tərəfdaşlıqları quruldu, nəhəng “Cənub qaz dəhlizi” ərsəyə gəldi”.

Komitə sədri qeyd edir ki, enerji böhranı dövründə Azərbaycan Avropanın enerji təchizatını şaxələndirən ölkə, enerji təhlükəsizliyinin təminatında etibarlı strateji tərəfdaşa çevrildi. Onun sözlərinə görə, 2021-ci ildə Avropaya 8.2 milyard kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il qaz tədarükü 40 faiz artımla mümkün ən yüksək səviyyəyə – 11.4 milyard kubmetrə çatdırıldı. “Ümumiyyətlə, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyə 24.3 milyard kubmetr, Avropa isə 28.7 milyard kubmetr Azərbaycan qazı ilə təchiz edilib. Bu il ölkədə qaz hasilatı 48.7 milyard kubmetr, ixrac isə 24 milyard kubmetr proqnozlaşdırılır”, deputat vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, elektroenergetika sisteminin bu cür inkişaf dinamikası da təsdiqləyir ki, Azərbaycan Prezidentinin verdiyi sözlər, qarşıya qoyduğu hədəflər mütləq reallaşır: “Dövlət başçısı yeniliklərə çevik reaksiyası ilə də inkişaf proseslərinin önündə addımlayan, əhəmiyyətli dəyişikliklər yaradan və bu dəyişiklikləri düzgün yönəldən liderdir. Bərpaolunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, Xəzəri “yaşıl enerji mərkəzi”nə, Qarabağ – Şərqi Zəngəzur və Naxçıvanı “yaşıl enerji zonası”na, Azərbaycanı isə “yaşıl enerji”nin təchizatçısına çevirməklə bağlı strateji hədəflər məhz yenilikçi, müasir yanaşmalara əsaslanan liderliyin təzahürləridir. Təsadüfi deyil ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş prioritetdən biri kimi müəyyənləşdirilib və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “yaşıl enerji məkanı” məqsədi üzrə mühüm tədbirlər təsbit edilib. Buradan da göründüyü kimi, Azərbaycanda bərpaolunan enerji mənbələrindən geniş istifadə ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı deyil. Az karbonlu enerji sistemi, dayanıqlı gələcək qurmaq və xaricdə enerji gücümüzə olan tələbatı ödəmək məqsədi daşıyır”.

Komitə sədri xatırladır ki, 2020-ci ildə Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 230 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan “yaşıl enerji” tərəfdaşlığımızın miqyası qısa müddətdə genişləndi. Onun sözlərinə görə, az bir vaxtda “Masdar”, “ACWA Power”, bp, “Fortescue Future Industries”, China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 QVt-dan çox layihələrə dair əməkdaşlıq sənədlərinin imzalanması məhz Azərbaycan Prezidentinin “yaşıl enerji” kursuna beynəlxalq marağın, ölkəmizin “yaşıl gələcəyi”nə olan inamın göstəricisidir.

“Bəli, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bütün bu sahədə görülən işlər cənab Prezidentin siyasəti və Azərbaycan energetiklərinin fəaliyyəti ilə bağlıdır”, – Sadiq Qurbanov vurğulayıb.

Çıxışının sonunda millət vəkili energetiklərə peşə bayramı günü münasibəti ilə təbriklərini çatdırıb.

“AzPolitika.info”