23 İyul 2024

Ukrayna dronları Rusiyada yanacaq böhranı yaratmaq üzrədir: Azərbaycan üçün də təhlükə var…

Dünya neft bazarında qiymətlər bahalaşaraq 87 dolları keçib. Qiymətləri ötən ilin oktyabrından bəri ən yüksək həddə çatdıran amillər arasında Ukraynanın Rusiyanın neft emalı sənayesinə vurduğu zərbələr öndə gedir. Belə ki, 2024-cü ilin əvvəlindən bəri Ukrayna dronlarla Rusiyanın 9 neft emalı zavoduna uğurlu zərbələr endirməyə nail olub.  Bu zavodlardan 3-ü – Nijni Novqorod, Ryazan və Leninqrad vilayətindəkilər Rusiya əhəmiyyətli müəssisələr hesab olunur.

Hələ 2023-cü il dekabrın sonunda LUKOIL-un (Nizhegorodnefteorgsintez, NORSI) Nijni Novqorod neft emalı zavodunda” texnoloji insident”lə bağlı məlumat yayıldı, lakin şirkət bu barədə yalnız yanvarda məlumat verdi. Rostexnadzorun məlumatına görə, katalitik krekinq qurğusu kompressor hissəsinin nasazlığı səbəbindən sıradan çıxıb. Məhz o zaman hökumətin qəti şəkildə təsdiq etmədiyi benzin ixracına mümkün qadağa haqqında ilk söz-söhbətlər başladı.

Bir neçə həftə sonra Ust-Luqada NOVATEK kondensat emalı kompleksinə, sonra isə Tuapse Neft Emalı Zavoduna hücum edildi. Energetika Nazirliyi bir həftə ərzində NOVATEK-in işini bərpa etdiyini, Tuapse neft emalı zavodunun isə əsasən ixrac üçün işlədiyini, buna görə də daxili bazara təsir etməyəcəyini bəyan etdi.

Rəsmilər NORSI-də təmirin bir neçə həftə çəkəcəyini söyləsələr də, tezliklə martın 1-dən kommersiya benzininin ixracını altı ay müddətinə qadağan etmək, həmçinin dizel yanacağı birjasında satış standartını 12,5 faizdən 16 faizə qədər artırmaq barədə qərar qəbul edildi.

Martın 11-dən neft emalı zavodlarında hadisələr demək olar ki, hər gün baş verməyə başladı: Novoşaxtinski, Volqoqrad, Sızran, Slavyanski, Novokuybışevski, Ryazan neftayırma zavodlarına pilotsuz təyyarələr, Nijni Novqorod neft emalı zavoduna isə yenidən zərbələr endirildi. Kirişi və Yaroslavl neftayırma zavodları hücumun qarşısını ala bilib. Lakin belə hücumların davam edəcəyi gözlənilir: emal zavodlarının böyük əksəriyyəti Rusiyanın Avropa hissəsində  – Ukrayna sərhədlərinə yaxın ərazilərdədir. Onların heç də hamısını hava hücumundan müdafiə sistemləri ilə təmin etmək mümkün deyil: Ukrayna dronları hətta Moskva vı Sankt-Peterburqa qədər gedib çıxa bilir və qorunası obyektlər minlərlədir…

Bu cür hadisələrdən sonra Rusiya hakimiyyəti hansı qurğulara hücum edildiyini və dağıntıların miqyasına dair məlumatları açıqlamağı dayandırıb.

Xatırladaq ki, ötən il də Rusiyada benzin və dizel təminatında problemlər yaranmış, qiymətlər kəskin artmışdı. Keçən yay və payızda hökumət kənd təsərrüfatı istehsalçılarına qiymətləri və tədarükləri sözün əsl mənasında əl ilə tənzimləməyə məcbur oldu; Rusiya prezidenti Vladimir Putin bu vəziyyətin gələcəkdə təkrarlanmamasını tələb edərək, bunun qarşısını almaq üçün istənilən tədbiri dəstəkləməyə hazır olduğunu bildirdi.

Sentyabrdan ölkədən dizel və benzin ixracına qadağa tətbiq olundu. Bu ilin əvvəlindən qadağa qaldırılsa da, uzun çəkmədi.

Martın 13-də Energetika Nazirliyi regionların yanacağın təchizatında vəziyyətin və yanacaqdoldurma məntəqələrində qiymətlərin stabil olduğunu, avtomobil yanacağının pərakəndə satış qiymətinin qalxması riskinin olmadığını bildirib.

Rusiya Enegetika Nazirliyi martın 18-də elan edib ki, 2024-cü ilin əvvəlindən daxili bazara avtomobil benzininin orta gündəlik çatdırılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz, dizel yanacağı isə 8 faiz çox olub: “Qeyd olunan tarixə şirkətlərin neft emalı zavodlarında və neft bazalarında avtomobil benzininin ehtiyatları 2 milyon ton, dizel yanacağı 3,5 milyon ton təşkil edir ki, bu da tələbatın artdığı mövsümə hazırlığın yüksək göstəricisidir”.

Bu açıqlamaya rəğmən birjada Aİ-92 markalı benzinin qiyməti ilin əvvəlindən bir ton üçün təxminən 40 min rubldan 52,6 min rubla, Aİ-95 isə üç ayda 43,2 min rubldan 62,4 min rubla, mövsümlərarası dizel yanacağı 53 min rubldan 68,7 min rubla qədər bahalaşıb.

Rusiyanın rəsmi statistikasından aydın olur ki, benzin və dizel istehsalında azalma var. Rosstat-ın açıqladığı məlumata əsasən 2024-cü il martın 11-dən 17-dək Rusiyada benzin istehsalının həcmi əvvəlki həftə ilə müqayisədə 2,8 faiz azalıb. Həftə ərzində benzin istehsalı 815,3 min ton təşkil edib. Dizel istehsalı isə 2,5 faiz azalaraq 1,639 milyon tona düşüb.

Dron hücumları Rusiyada benzinin qiymətini maksimum artırıb

Rosstat statistikası illik müqayisədə yanacaq istehsalının dinamikasını təqdim etmir. Bununla belə, İnterfaks qeyd edir ki, ötən il, martın 13-dən 19-dək, benzin istehsalı 848,2 min ton, dizel yanacağı isə 1,793 milyon ton olub. Yəni ötən həftə emalda illik azalma benzində 3,9 faiz, dizeldə isə 8,6 faiz ola bilərdi.

Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib ki, hökumət yanacaq bazarında sabitlik yaratmaq üçün bir sıra yeni tədbirlər görə bilər. Onlar istehsalın artması və logistika məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlıdır. Onun sözlərinə görə, hasilatın dayandırılmadığı bir sıra NEZ-lərdə yanacaq istehsalının artması nəticəsində ilin sonuna kimi neft emalı ötən ilin səviyyəsində ola bilər.

Bu gün isə məlum olub ki, baş nazirin müavini Aleksandr Novak sabah yanacaq istehsalçıları ilə görüşəcək. Böyük ehtimalla, istehsalın artırılması, birja satışına daha çox həcmlərin yönəldilməsi məsələləri müzakirə olunacaq.

Rusiya hökuməti ölkənin illik benzin istehsalı potensialını 300 milyon ton həcmində qiymətləndirilir. Lakin hazırda illik istehsal 150 milyon tondan yuxarı deyil ki, onun da ixrac qadağası qoyulana qədər 90 faizi daxili bazarda satılırdı. Yəni qadağa cəmi 10 faiz benzinin daxildə qalmasını təmin etməli idi. Ukraynanın zərbələri bəzi məlumatlara əsasən, benzin istehsalının 11 faizədək azalmasına gətirib çıxarıb.

“Gunvor Group” hesablamalarına görə, hücumlar gündə 600 min barel neft emalı gücünə təsir göstərib. JP Morgan Chase analitikləri bu rəqəmi 900 min barel qiymətləndirirlər.

Gunvor Unit to Pay $661 Million After Pleading Guilty in Bribery Scheme -  WSJ

Rusiya ekspertləri zavodların vurulmasından sonra əsas problemin Aİ95 markalı benzinlə təminatda yarana biləcəyini güman edirlər. Onlara görə, zavodlarda istehsalın dayanması ölkə üzrə benzin və dizel istehsalının 5-6 faiz azalmasına gətirib çıxarıb. İndiyədək istehsal olunan dizelin 40 faizinin ixraca yönəldildiyini deyən eksperlər zavodların dayanmasının bu yanacaqla təminata təsirinin olmayacağını gözləyirlər. Onların fikrincə, neft şirkətləri indi çatışmayan həcmləri doldurmağın yollarını tapmalıdırlar, çünki zədələnmiş obyektlərin təmiri ən azı 3-4 ay çəkəcək.

Rusiya ekspertləri hesab edirlər ki, Belarus neft emalı zavodları Rusiyadakı hasilat kəsirini doldura bilər. Qonşu ölkədən ildə 3 milyon tona yaxın benzin ixrac edilir. Bu, Rusiya infrastrukturu vasitəsilə – əsasən Baltik limanları vasitəsilə baş verir. Yəni Rusiya hakimiyyəti Belarus benzinini ala bilər.

Qeyd edək ki, Rusiyanın benzin və dizel üçün xaricə üz tutması Azərbaycana da problemlər yarada bilər. Əvvəla, Rusiyada emala yönəldilən neftin azalması həmin həcmin ixraca istiqamətlənməsi demək olacaq ki, bu da dünya bazarında qiymətlərin azalmasına gətirib çıxaracaq: Rusiya sanksiyalara görə öz neftinin kəskin endirimlə satır. Digər tərəfdən, Rusiyanın benzin və dizel üçün üz tutacağı iki ölkə var: Belarus və Türkmənistan. Hər iki ölkə Azərbaycanın benzin idxalında mühüm paya malikdir.

Rəsmi statistikaya əsasən Azərbaycan Rusiyadan 2021-ci ildə 148 min tona yaxın, 2022-ci ildə 99,5 min ton, 2023-cü ildə isə 40.2 min ton Ai95 markalı benzin idxal edib. Yəni  Rusiyadan idxal 2022-ci ildə 40 faizədək, 2023-cü ildə isə 60 faizədək azalıb. 2023-cü ildə bu ölkədən Aİ92 markalı benzinin idxalı isə cəmi 17 min ton olub ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27 faizinə bərabərdir.

2023-cü ildə Azərbaycan xaricdən ümumilikdə 60 milyon 205,08 min dollarlıq 64 976,68 ton Aİ92, 83 milyon 183,27 min dollarlıq 86 036,95 ton Aİ-95, 2 milyon 451,7 min dollarlıq 2031,38 ton Aİ98 idxal edib. İl ərzində ölkədən Aİ92 ixracı da qeydə alınıb. Bu, 23 milyon 8,89 min dollar dəyərlə 33 111,64 ton təşkil edib.

Aİ95-in 20 milyon 406,06 min dollarlıq 21 567,2 tonunu Belarusdan, 37 milyon 831,25 min dollarlıq 40 261,56 tonunu Rusiyadan, 2 milyon 63,05 min dollarlıq 2301,03 tonunu Birləşmiş Ərəb Əmirliklərindən, 2 milyon 415,29 min dollarlıq 2219,71 tonunu Gürcüstandan,  9 milyon 647,57 min dollarlıq 9273,98 tonunu Rumıniyadan, 10 milyon 618,06 min dollar dəyərində 10213,45 tonunu Yunanıstandan almışıq.

Aİ92-nin isə 14 milyon 254,89 min dollarlıq 17 387,79 tonunu Rusiyadan, 23 milyon 362,8 min dollarlıq 26 645,35 tonunu Türkmənistandan, 22 milyon 587,39 min dollarlıq 20943,53 tonunu Litvadan almışıq.

Nəzərə alsaq ki, bu il Azərbaycanın yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına NEZ-də dövrü təmir olacaq, o zaman ölkədə ən çox istehlak olunan Aİ92 benzininin bir neçə ay tamamilə xaricdən alınacağını deyə bilərik. Zavodda axırıncı dəfə dövrü təmir 2022-ci ilin aprel-mayında həyata keçirilib. Həmin dövrdə  Nazirlər Kabineti fevral-may aylarında Aİ92 markalı benzinin idxalını gömrük rüsumu və aksizdən azad edib. Maraqlıdır ki, bu dəfə azadolma müddəti 10 aylıq dövr üçün nəzərdə tutulur. Bu isə NEZ-də təmirin daha uzun müddəti əhatə edəcəyindən xəbər verə bilər. Belə ki, 2022-ci ildəki təmirlə bağlı verilən açıqlamada NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlılığı proqramı həyata keçirildiyi, NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində kompleks tədbirlər planı hazırlanıb həyata keçirildiyi qeyd edilirdi. Proqramın icrası nəticəsində 2022-ci ildə əsaslı təmirə dayanma işlərinin icrasından sonra artıq NEZ-in təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcəyi açıqlanmışdı. Bildirilmişdi ki, layihənin növbəti mərhələlərinin icrası nəticəsində bir neçə ildən sonra təmirə dayanma prosesinin dörd ildən bir həyata keçirilməsi hədəf kimi qarşıya qoyulub. 2023-cü ildə zavodda dövrü təmir işləri həyata keçirilməyib. Belə görünür ki, bu dəfə təmir daha uzun müddəti əhatə etməklə, dörd illik qrafikə uyğun işlərin görülməsini nəzərdə tutur.

Qeyd edək ki, indiyədək NEZ-də təmir dövründə xaricdən dizelin idxalına adətən ehtiyac yaranmırdı. Çünki dizel istehsal edən başqa bir qurğu da var. Zavod dayansa da, həmin qurğu ölkənin dizelə olan tələbatını təmin edə bilirdi. Bu il dizel idxalının da rüsum və aksizdən azad edilməsi göstərir ki, proses əlavə qurğunu da əhatə edəcək.

Rusiyada benzin və dizel qıtlığı yaranır və Avropa ölkələri ona bu məhsulları satmayacaq. Bu halda Rusiya Belarus və Türkmənistanda Azərbaycan üçün çox ciddi rəqibə çevriləcək. Belarusun öz məhsulunu nəqliyyat xərcləri minimum olan Rusiyaya daha həvəslə satacağı şübhəsizdir. Aşqabada gəlincə, türkmənlər bu ilin yanvarından qiyməti qaldırmadığına görə Azərbaycana qaz tədarükünü davam etdirməmək qərarına gəliblər. Yəni sabah Rusiya Azərbaycandan 10 qəpik artıq təklif etsə, Türkmənistan da benzini onlara satacaq.

Yaranmış vəziyyətdə Azərbaycanın benzin və dizel idxalı üçün başqa ölkələrə – daha çox Avropaya üz tutması qaçılmaz olacaq. Bu isə idxal olunan məhsulun qiymətinin artması demək olacaq. Xüsusilə Aİ92 benzini üzrə tələbatın Litvadan tamamilə təmin edilib-edilməyəcəyi ciddi sual altındadır… 

Dünya SAKİT,
Musavat.com