14 May 2024

Azay Quliyev ATƏT PA-da Laçın sərhəd-buraxılışı məntəqəsinin zəruriliyindən danışdı

Bu gün ATƏT PA-nın Kopenhagendə keçirilən Büro iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya Komitəsinin sədri Azay Quliyev Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin təsis edilməsi, belə bir qərarın qəbul olunmasının səbəbləri və nəticələri barədə ATƏT PA-nın bürö üzvlərini məlumatlandırıb.
Ermənistan-Azərbaycan sərhəddində, laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını zəruri edən amilləri sadalayan Azay Quliyev bildirib ki,
Ermənistan son 3 ilə yaxındır 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın bəndlərini kobud şəkildə pozaraq Laçın yolundan sistemli şəkildə sui-istifadə etmişdir:
1) Ermənistan Azərbaycanın ərazisində hələ də qanunsuz olaraq saxladığı silahlı birləşmələrin rotasoyasını həyata keçirib
2) Ermənistan Laçın yolu vasitəsilə qanunsuz silah və sursat daşıyıb
3) Ermənistan terrorçuların və sabotaj qrupu üzvlərini Qarabağa gətirib
4) Ermənistan Azərbaycanın təbii ehtiyatlarının və mədəni sərvətlərinin talanması və xaricə satılması məqsədilə istifadə edib.

5) Laçın yolu Ermənistan tərəfindən minaların və partlayıcı maddələrin Azərbaycana gətirilməsi və azərbaycanlıların öldürülməsi üçün istifadə edilib. Təkcə 2022-ci ilin avqust ayından bəri Azərbaycan ərazisində Ermənistanın istehsal etdiyi 2700 piyadalar əleyhinə mina basdırılıb. Son iki ildə 294 azərbaycanlı mina partlayışının qurbanı olub.
Azay Quliyev büro üzvlərinin diqqətini çatdırıb ki, sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasının çox böyük faydası olacaq və bununla, mövcud problemlərin hamısı həll olunacaq.
İlk növbədə:

1) Laçın yolunda hərəkətin şəffaflığı təmin olunacaq.

2) Azərbaycan bütün ərazisində milli təhlükəsizliyini , suverenliyini və qanun aliliyini təmin edəcək.

3) Azərbaycan Üçtərəfli Bəyanata uyğun olaraq Laçın yolu üzərindən hər iki tərəfə vətəndaşların və nəqliyyatın təhlükəsizliyinə zəmanət verəcək.
4) Beynəlxaq hüquqa uyğun olaraq ərazisinə qanunsuz giriş və çıxışların, xüsusilə, yuxarıda qeyd olunan sui-istifadələrin qarşısı alınacaq.
Azay Quliyev əminliklə bildirib ki, Ermənistan-Azərbaycan sərhəddində, laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması hazırda mövcud olan problemləri kökündən həll edəcək.
ATƏT PA qeyd olunan müsbət dinamikanı nəzərə almalı və Azərbaycan Ermənistan arasında sülh sazişinin imzalanmasına töhvə verməlidir.
Qeyd edək ki, bu gün Büro ATƏT PA-nın fəaliyyətini, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitələrinin hesabatları və qətnamə layihələrini müzakirə edib.

Musavat.com