18 Aprel 2024

Makron-Nikol cütlüyünün ölünü diriltmək şakəri

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il ötsə də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına hələ də əngəllər törədilir. Məğlub kimi kapitulyasiya aktını imzalamağa məcbur qalsa da başqalarının başına çəkdiyi tumardan məst olub hələ də sülh sazişinin imzalanmasını müxtəlif bəhanələrlə yubadan Ermənistan özünə məzar qazır. «Dağlıq Qarabağ», «status» məhfumlarının tarixdən silindiyi, qalib Azərbaycanın bölgədə prosesləri idarə etdiyi indiki məqamda Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa çarəsi qalmadığını özü kimi havadarları da çox yaxşı bilirlər.

Vətən müharibəsindən sonra Belçikada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən 5, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə baş tutan 3 görüşdə ölkəmizin sülh sazişinin imzalanması ilə bağlı təkliflərinin tam dəstəklənməsi də Qarabağın Azərbaycanın ərazisi olduğunun etirafıdır. Görüşlərdə qəbul olunan bəyanatlarda Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyən Ermənistanın baş naziri Nikol Paşinyan yenə də əvvəlki adətlərinə uyğun olaraq sözündənqaçma əməlini davam etdirir. Xatırladaq ki, Praqada təşkil olunan «Avropa siyasi birliyi» Zirvə Toplantısı çərçivəsində keçirilən dördtərəfli danışıqlarda da eyni mənzərə yarandı. Heç vaxt müstəqil xarici siyasəti olmayan Ermənistanın havadarı Fransa Prezidenti Emmanuel Makron özünün «dövlətçilik təcrübəsinin» də Paşinyan səviyyəsində olduğunu hərdəmxəyallığı ilə ortaya qoydu.

Fransa Senatının 15 noyabr 2022-ci ildə qəbul etdiyi «Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi» adlı qərəzli qətnamə Makronun məkrli simasını göstərdi. Ölkəmizi «təcavüzkarlıqda» ittiham edən fransız senatorların «Azərbaycana qarşı embarqo qoyulması», Azərbaycanın Qarabağ bölgəsində ermənilərin yaşadıqları ərazilərdə Fransanın «humanitar bürosu»nu yaratmaq tələbləri təxribat olmaqla, eyni zamanda heç bir hüquqi əsası olmayan sərsəmləmələr idi.

ATƏT-in artıq çoxdan dəfn edilmiş ölü Minsk qrupunu diriltməyə çalışsa da əli boşda qalan, Praqada keçirilən dördtərəfli görüşdən sonra siyasi və diplomatik səmtini itirən Fransa Prezidentinin qeyri-etik bəyanatla çıxış edərək Azərbaycan haqqında sərsəm fikirlər səsləndirməsi üzrü günahından betər təəsüratı yaratdı. Onun Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində sərsəmləməsi dövlət başçısı adına yaraşmayan qeyri-səmimi hərəkət idi.

Keçmiş Minsk qrupunun «sülhyaratma missiyasına» ehtiyac qalmadığını «Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fransa Prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik» sözləri ilə bildirən Prezident İlham Əliyevin bu xəbərdarlığı Ermənistan kimi qana həris Makrona həddini bildirmək, qırmızı xətti keçməmək çağırışıdır.

Vətən müharibəsindən əvvəl «Ermənistanın tanklarının Bakının küçələrində gəzəcəyini lovğalıqla bildirən Nikol kimi Makronun da xəyalları Xəzərdə batdı. Dövlət başçımızın sözləri ilə deyilsə bu təkəbbürlü şərhlər başqa mənada reallığa çevrildi. Erməni tankları Bakının küçələrinə gəlib çıxa bildi. Zəfər paradında məğlub ölkənin «hərbi qüdrəti»nin məğlubiyyət rəmzi kimi nümayiş etdirildi. İndi isə onlar Hərbi Qənimətlər Parkında Ermənistanın üzqarası kimi xəcalət çəkirlər.

Məğlub olsalar belə hələ də «miatsum» xəstəliyi sağalmayan Ermənistanın guya «Azərbaycanla Qarabağla əlaqədar danışıqların aparılacağı» gözləntilərinin də əsası yoxdur. «Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir» sözləri ilə ermənilərin bu xəyallarını da havaya sovuran Prezident İlham Əliyev dekabrın 7-də keçirilməsi nəzərdə tutulan görüşə də münasibətini bildirib: «Növbəti görüş dekabrın 7-də Brüsseldə keçirilməli idi. Çünki son görüşdə biz noyabr ayında görüşməyə qərar verdik. Lakin sonra – oktyabrın sonunda Prezident Putin Soçidə görüş təyin etdi. Ancaq dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək.»

Senatın adı çəkilən tamamilə qəbuledilməz, kağız parçası effekti yaradan məlum qətnaməsindən, Fransanın Frankofoniya Sammitində Azərbaycana qarşı əsassız iddialarından sonra Makronun Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında iştirakı klounluq xəstəliyidir. Bir məqamı da nəzərə alaq ki, İkinci Qarabağ müharibəsindən sonra artıq ölü qurum adlandırılan Minsk qrupunun Rusiyadan, Amerika Birləşmiş Ştatlarından olan həmsədrləri heç vaxt bu «üçlüyün» fəaliyyətinin canlandırılması ilə bağlı fikir bildirməyiblər. «Üç müşkotyor»un həm də Dartanyanı olan Fransanın suyu bulandırmaq, sülh prosesini pozmaq cəhdləri o deməkdir ki, Brüssel görüşü baş tutmasın, sülh razılığı ilə bağlı sənəd imzalanmasın.

«Çünki sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar etiraf etməli olacaqlar ki, Qarabağla bağlı heç nə yoxdur və istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Ona görə də ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?!» sözləri ilə Makron-Nikol işbirliyinin məkrini açıqlayan Prezident İlham Əliyev qalib, söz sahibi olduğunu siyasi iradəsi, qətiyyəti ilə təsdiqləyir. «Nə olacağın» cavabını isə yenə də «dəmir yumruq» verəcək.