12 May 2024

Parlamentdə pensiya yaşının azaldılması təklif olundu

Sabir Rüstəmxanlı: “Deyirlər ki, Azərbaycan uzunömürlülər məskənidir, amma bu deyim artıq nağıllarda qalıb”; “Təhsil haqqında” Qanuna dəyişikliklər ilk oxunuşdan keçdi

29 martda Milli Məclisin növbəti plenar iclası keçirildi.  Milli Məclisin sədri Sahibə Qafarova deputatları salamladıqdan sonra giriş nitqi ilə çıxış etdi. Bildirdi ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti martın 22-dən 26-dək İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olub: “Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak etmək idi. Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında “Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması” mövzusunda müzakirələr aparıldı. 

Öz çıxışımda mən beynəlxalq qaydalara əməl olunmaması, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük təşkil etməsi nəticəsində dünyanın daha parçalanmış və təhlükəli hala gəldiyini qeyd etdim. Parlament diplomatiyasının artan əhəmiyyətindən danışdım, sülh və qarşılıqlı anlaşma yaradılmasında parlamentlərin rolu barədə fikirlərimi bölüşdüm. Bildirdim ki, xalqın nümayəndələri olaraq parlamentlər etimad, təhlükəsizlik və sülh şəraitində dinc birgəyaşayış məsələlərinin həllinə mühüm töhfələr verə bilərlər”.

 Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi.

Komitə sədri Siyavuş Novruzov bildirdi ki, son dövrlər dünyada təhlükəsizlik məsələsi bir saylı məsələyə çevrilib. S.Novruzov bu mənada ABŞ-ın keçmiş prezidenti Corc Buşun 11 sentyabrdan sonra Ağ Evin bir saylı prioritetinin təhlükəsizlik məsələsi olduğu barədə dediklərini xatırlatdı. Bildirdi ki, Azərbaycan hüquq-mühafizə orqanları prezidentin rəhbərliyi ilə yüksək peşəkarlıq nümayiş etdirərək təhlükəsizliyimizi təmin edir. “Sonrakı dövrlərdə Azərbaycanı müxtəlif yanğınlarla imtahana çəkməyə çalışıblar”, – deyən komitə sədri bildirdi ki, bu mənada da məkrli qüvvələr hədəflərinə çata bilməyiblər. S.Novruzov qeyd etdi ki, bu gün dünyanın bütün mötəbər tədbirləri məhz Azərbaycanda keçirilir: “COP29 kimi mühüm tədbirin Bakıda keçirilməsi Azərbaycanda sabitliyin, söz, mətbuat azadlığının mövcudluğunun nümunəsidir”. Komitə sədri dedi ki, Azərbaycanda sapı özümüzdən olan baltalar, siyasi partiyalar, vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanı düşünməyərək xarici ölkələrdə baş verən terror aktlarının ölkəmizdə də olmasını arzu edirlər. “Terrorun mənbəyi maliyyədir”, – deyən S.Novruzov bildirid ki, həyata keçirilən tədbirləri daha da kəskinləşdirmək lazımdır. Komitə rəhbərinin sözlərinə görə, mənbəyi məlum olmayan vəsait alanlara qarşı daha sərt tədbirlərə ehtiyac var. “Keç kəs heç kəsə havadan pul vermir, maliyyə ayırırsa, demək arxasında sifariş dayanır”, – S.Novruzov xüsusilə vurğuladı.

Milli Məclisdə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri Siyavuş Novruzov bələdiyyələrin sayının azaldılacağını bildirdi.

Müzakirələr zamanı çıxış edən Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bildirdi ki, heç bir bələdiyyənin infrastrukturu mövcud deyil. Onun sözlərinə görə bələdiyyələr 20 ildən çoxdur fəaliyyət göstərsə də, bu istiqamətdə işlər görülməyib. Bələdiyyələrin statusunun olmadığını deyən deputat Türkiyə bələdiyyələrini, onların apardığı işləri nümunə çəkdi. F.Mustafa dedi ki, qanunda nəzərdə tutsaq da, heç bir bələdiyyənin məktəbi yoxdur. Əhali sayına görə bələdiyyəni ayırsan da, birləşdirsən də, irəliyə doğru addım atılmayacaq.

Deputat qeyd etdi ki, uşaqların üzgüçülük hovuzuna getməyə imkanı yoxdur, ona görə də uşaqlar kriminallara meyillənir. “Əhali sayına görə bələdiyyələrin sayını artırıb-azaldaq, amma nəticə etibarilə bələdiyyə inkişaf edəcəkmi?” – F.Mustafa sonda qeyd etdi.

Deputat Qüdrət Həsənquliyev Rusiyada törədilmiş terror aktından danışdı. Bildirdi ki, bu hadisələrdən sonra Azərbaycanda bir sıra addımların atılmasına ehtiyac var. Bu mənada deputat parlamentin xüsusi iclasının keçirilməsi təklifini irəli sürüb. Q.Həsənquliyev qeyd etdi ki, Rusiyada törədilən terror aktından sonra ölkədə təhlükəsizliyin hansı səviyyədə olduğu və hansı işlər görüldüyü barədə deputatlara məlumat verilməlidir. “Allah eləməsin, bizdə belə hadisə baş verərsə, bizim hansı gücümüz var?” – deyən deputat bildirib ki, bundan başqa, ekstremal hallara hazırlıq üçün təcili tibbi yardım vertolyotlarının alınması zəruridir. Deputat xatırlatdı ki, Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına daşıyırdılar, oradan isə təcili tibbi yardım maşını ilə xəstəxanalara aparırdılar: “Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra bu barədə düşündüm. Azərbaycanda belə hadisə olsa, necə olacaq? Bakıda sıxlıq çoxdur. Yaralıları vertolyotla təcili tibbi yardım maşını ilə daşımaq mümkün olacaqmı?”

 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə edilərək qəbul olundu. Qanun layihəsini komitə sədrinin müavini Məlahət İbrahimqızı təqdim etdi.

Deputat Razi Nurullayev çıxışında  bildirdi ki, əmək pensiyasına edilən dəyişiklik normaldır: “5 və daha çox uşaq böyüdən valideyn 5 il daha tez pensiya hüququ əldə edəcək. 2019-cu il siyahıyaalınmasına əsasən, Azərbaycanda 6 və daha çox uşağı olan 16 169 ailə mövcuddur. Hazırda 110 min ailədə 4 və daha çox uşaq var. Amma 5 uşaqlı ailələrin sayını təəssüf ki, müəyyən edə bilmədim. Müəyyən etdim ki, hazırda 5-dən çox uşağı olduğuna görə sosial müavinət alan qadınların sayı 2600-dür. Bu, çox kiçik rəqəmdir, bizə müraciət edən və kömək istəyən anaların sayı fonunda hətta gülünc rəqəmdir. Sonuncu siyahıya almada 2 milyon 293 min ailə qeydiyyatdan keçib. 1 milyon 347 min ailədə isə 18 yaşadək uşaqlar var. Dəqiq məlumdur ki, 6 və daha çox uşağı olan 16 169 ailə bu dəyişiklikdən yararlanacaq. 5 uşaqlı ailələr isə təxmini olsun 30 min ailə. Aşağı-yuxarı 45-50 min arası ailə yararlanacaq. 1 milyon 347 min uşaqlı ailənin cəmi 45 mininin əhatə olunması ədalətli deyil və təklif edirəm ki, bu məsələ elə tənzimlənsin ki, heç olmasa 347 min uşaqlı ailə bu dəyişiklikdən yararlana bilsin. Yenə də bir milyon ailəni kənara qoymuş oluruq”. 

R.Nurullayev konkret təkliflə çıxış etdi: “Təmsil etdiyim Milli Cəbhə Partiyasının təklifi budur ki, pensiya yaşı həm kişilər, həm də qadınlar üçün azaldılsın. Kişilər üçün 62, qadınlar üçün 60 yaş həddində müəyyənləşdirilsin. Təklifimizin səbəbi isə vətəndaşlarımıza tələb olunan səviyyədə tibbi və sosial təminat verə bilməməyimiz, son zamanlar isə vətəndaşların pensiya yaşına çatmadan vəfat etməsi hallarının çoxalmasıdır. Digər məsələ isə pensiya yaşına çatmağa bir neçə ay, bir neçə il qalmış şəxslər vəfat edəndə onlara dəfn pulunun verlməməsidir. Bu məsələni bir dəfə burada qaldırmışdım və o zaman deyildi ki, məsələ həllini tapacaq. Təklif edirəm ki, pensiya yaşına çatmağa 5 il qalmış dünyasını dəyişən şəxslərə də dəfn pulu verilsin. Bununla bağlı daha çox müraciətlər daxil olur. Çünki son illər vətəndaşlar pensiya yaşına çatmadan dünyalarını dəyişirlər”.

Deputat Sabir Rüstəmxanlı bildirdi ki, bütün əhalinin təqaüd yaşına nəzər yetirmək lazımdır: “Veteranlar bizə məktub yazır ki, dövlət bizim təqaüd yaşımıza yenidən baxsın. Heç olmasa, onların təqaüd yaşlarını 62-yə salmaq olar. Qadınların təqaüdünə də baxmaq lazımdır. Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir.  Deyirlər ki, Azərbaycan uzunömürlülər məskənidir, amma bu deyim artıq nağıllarda qalıb”.

Komitə sədri Musa Quliyev təkliflərə reaksiyasında bildirdi ki, dünyanın heç bir ölkəsində qanunvericilik çərçivəsində pensiya yaşının azaldılmasına baxılmır. Komitə sədrinin sözlərinə görə, bu gün dünyada uzunömürlülük artır: “Pensiya yaşının azaldılması əvəzinə artırılması bu gün dünyada müzakirə olunur. Ona görə də azaldılması məsələsini gündəmə gətirəndə bunu nəzərə alarsınız”.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri komitə sədri Bəxtiyar Əliyev təqdim etdi. Dəyişikliklərə görə, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Dəyişikliyə əsasən, aşağıda qeyd edilən şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

– dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;

– dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;

– dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;

– dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan şəxslər,

– dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

– dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;

– peşə təhsili müəssisəsində təhsil alan 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər;

– peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobil AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobil qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin martın 29-da keçirilən iclasında “Təhsil haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Qanun layihəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda 14.8-1-ci maddənin yeni redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur. Belə ki, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində “Müharibə veteranı” adını almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”