27 May 2024

AŞ PA şərtlərini yenilədi: Bakı ilə dartışmaq yox, anlaşmaq…

Nümayəndə heyətimizlə səsvermə hüququnun bərpası ilə bağlı danışıqlar getdiyi təsdiqləndi, lakin hakimiyyətdən yenə bəzi güzəştlər istənilir

AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen nümayəndə heyətimizin quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. 

“Biz Azərbaycanı assambleyada görmək istəyirik, bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir”, – deyə Kristoffersen “Turan”ın müxbiri ilə söhbətində bildirib. Sözügedən güzəştlərin nədən ibarət olması ilə bağlı suala cavab olaraq Kristoffersen qeyd edib ki, “Azərbaycan hakimiyyəti assambleya ilə əməkdaşlıq etməli, həmməruzəçilərin ölkədə sərbəst fəaliyyətinə, o cümlədən həbsxanaları ziyarət etmələrinə şərait yaratmalıdır. Azərbaycan həmçinin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməlidir”. 

İddia olunur ki, Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ötən il 3-7 iyun tarixlərində Azərbaycanda səfərdə olarkən onlara həbsxanada siyasi məhbuslara baş çəkmək icazəsi verilməyib. Liz Kristoffersen qeyd edib ki, Azərbaycanın ədliyyə naziri onlara növbəti səfərləri zamanı həbsxanaları ziyarət etməyə şərait yaradılacağını bildirsə də, ötən ilin 20-21 noyabrında baş tutan növbəti səfərdə yenidən icazə verilməyib.

Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin sərbəst fəaliyyətinə imkan verilməməsi və AŞ PA-nın  digər məruzəçiləri – Hanna Bardell və Pol Qavanın, ümumiyyətlə, ölkəyə girişinə icazə verilməməsi yanvar ayındakı sessiyada Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsinin əsas səbəbi olub. 

Avropa Şurası Nazirlər Komitəsinin rəhbəri, Lixtenşteynin xarici işlər naziri Dominik Hasler Azərbaycan nümayəndə heyətini tezliklə Parlament Assambleyasında görmək istədiyini bildirib. “Hesab edirəm ki, bizim bir-birimizə ehtiyacımız var və ümid edirəm ki, Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz yerinə qayıdacaq”. Dominik Haslerin sözlərinə görə, o, Nazirlər Komitəsinin sədri kimi hamı üçün ən məqbul həll yolunu tapmaq məqsədilə üçtərəfli müzakirə təşkil edib. 

Xatırladaq ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti 2024-cü ilin yanvarında bu qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Nümayəndə heyəti bu addımını AŞ PA-da Azərbaycana qarşı aparılan qərəzli kampaniya ilə əlaqələndirib. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl AŞ PA-da Azərbaycana dəstək verib. Ö.Özəl Azərbaycanla bağlı yaşanan hadisənin təəssüf doğurduğunu bildirib. “Biz şuranın ortaq dəyərlərini müdafiə edirik, lakin Azərbaycanla bağlı yaşanan hadisə hər iki tərəf üçün ibrətamizdir. Və bundan sonra münasibətlərin yenidən təsis edilməsi, bizim üçün çox önəmli olan Azərbaycanla şura arasında hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq”, – o vurğulayıb. 

Bu çağırışlardan, AŞ PA Nazirlər Komitəsinin rəhbərinin çıxışından belə məlum olur ki, tezliklə nümayəndə heyətimiz iştirakını bərpa edə bilər. Amma bunun üçün qurum da səsvermə hüququmuza qoyulan sanksiyanı aradan qaldırmalıdır. Məlumdur ki, iclaslarda səsvermə haqqından istifadə mandatımızın əlimizdən alınmasına etiraz olaraq nümayəndə heyəti bəyanatla çıxış edib AŞ PA-nı tərk edib. Ona görə də qurumdan verilən bəyanatlarla yanaşı, onların da yerinə yetirməli olduqları məsələlər var. Bütün hallarda isə son açıqlamalar ümidlər yaradır ki, Azərbaycan AŞ PA-ya qayıda bilər. Sadəcə, Qərb təsisatları ölkəmizə münasibətdə qərəzə son qoymalıdır. Təkcə AŞ PA deyil, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar xüsusən Qarabağ və ermənilər mövzusunda əsassız ittihamlar səsləndirirlər…

Natiq Cəfərli: "İnsanlar təkcə Prezidentə yox, Ali Baş Komandana səs  verdilər, o, bunu haqq edirdi..." Pravda.az

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, hələlik yalnız səsvermə hüququ ilə bağlı məhdudiyyətimiz var. Onun sözlərinə görə, deputatlar AŞ PA-nın sessiyalarına gedə, müzakirələrdə iştirak edə bilərlər, amma səs verə bilməzlər: “Yanvarda verilən bu qərar da absurd idi. Çünki demokratiya, insan haqları ilə bağlı haqlı iradlar olsa da, mətnə “etnik təmizləmə” kimi böhtanı daxil etmək, Qarabağın erməni əhalisinin “hüquqlarının kobud surətdə pozulması” yalanını əlavə etmək qəbulolunmaz idi. Halbuki AŞ PA-nın üzvlərinin 20-25 faizi həmin səsvermədə iştirak etmişdi. Əslində təmsilçilik nəzərindən də yolverilməz hal idi” . Onun fikrincə, Azərbaycanın mövqeyi bu problemin həlli yönündədir: “Rəsmi Bakı fürsət tanıyır ki, öz səhvlərini düzəltsinlər. Düşünürəm ki, iyuna qədər, yəni yay sessiyası başlanana kimi məsələ həllini tapacaq. Prezident də qeyd etmişdi ki, AŞ PA mövqeyini düzəltsə, bu əlaqələr qarşılıqlı güzəştlər əsasında razılaşdırıla bilər. Eyni zamanda fikirləşirəm ki, bu təsisatda fəaliyyətimizi bərpa etmək həm Azərbaycanın imici, həm sözügedən qurumun öz səhvini düzəltməsi baxımdan faydalı olardı”. 

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu 

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu AŞ PA-nın mövqeyini barışıq üçün əl uzatmaq kimi qiymətləndirir. Hüquq müdafiəçisinin fikrincə, qurum özü də yanlışını anlayır və Bakının sərt təpkisindən nəticə çıxarır: “Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bəyan etdi ki, qərəzli, ədalətsiz yanaşma davam edəcəksə, Avropa Şurasının üzvlüyündən də çıxa bilərik. Bu xəbərdarlıq aydın surətdə çatdırıldı və görünür ki, qarşı tərəf də mesajı tuta bildi. O baxımdan Azərbaycanı itirmək istəmirlər. Əgər ölkədə insan haqlarının vəziyyəti ilə bağlı tənqidlər səslənirsə, buna münasibət bildirmək olar, lakin Qarabağ məsələsində bizi ittiham etmək absurddur”. 

X.Teyyublunun fikrincə, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqdan yayınmır, sadəcə, həmin təsisatlar da Avropa dəyərlərinə hörmət etməlidirlər: “AŞ PA-da Azərbaycana qarşı haqsız bəyanatlar əvvəllər də olub. Eyni zamanda qətnamələr qəbul edilib. Yəni biz yox, onlar bizə qarşı çıxıblar. Prezident də açıqca qeyd etdi ki, üzvlükdən çıxmaq problem deyil. Əgər normal əməkdaşlıq etmək istəyirlərsə, qərəzi kənara qoymalıdırlar. Ancaq əfsuslar olsun ki, erməni təəssübkeşliyi özünü büruzə verir. Bizim səsvermə mandatımızın əlimizdən alınmasında iştirak edən Şvabe və digər deputatların da ermənilərlə əlaqələri üzə çıxdı, ifşa oldular. Odur ki, AŞ PA obyektiv qərar qəbul etməlidir”.

Emil SALAMOĞLU 
“Yeni Müsavat”