27 May 2024

Fermerlərin saxta sənəd məsələsini qaldıran vəkili nazirlik rəsmiləri QƏBUL ETDİ

Fermerlərin saxta sənəd düzəltməyə məcbur edən qaydalarla bağlı məsələ qaldıran vəkil Əziz Qənbərlini Kənd Təsərrüfatı Nazirliyinin(KTN) rəsmiləri qəbul edərək dinləyib.

Musavat.com xəbər verir ki, bu haqda Əziz Qənbərli facebook divarında məlumat paylaşıb.

dbac5140-cf91-4dbd-9b4d-880197de059e.jpg (52 KB)

Vəkil yazır:

“Hörmətli Fermerlər!

Mən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müavinləri hörmətli Sərvan müəllimin, hörmətli İlhamə xanımın rəhbərliyi ilə AGRAR XİDMƏTLƏR AGENTLİYİNİN sədri Sərdar bəy və digər məsul şəxsləri ilə görüşdüm.

Sizin problemlərinizi hörmətli Sərvan müəllim də qəbul etdi. Mənə bildirdi ki, rəhbərliklə bu problemləri bir daha müzakirə edib nəticə barədə məlumat veriləcək.

Əminik ki, hörmətli Sərvan müəllim və İlhamə xanım bu məsələnin müsbət həlli üçün cənab nazir qarşısında məsələ qaldıracaq!

Yada salaq ki, vəkilin qaldırdığı problemlə bağlı aprelin 3-də “Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək…” sərlövhəli yazı paylaşmışdıq. Yazıda vəkil Əziz Qənbərlinin kənd təsərrüfatı naziri Məcnun Məmmədova açıq məktubundan bəhs olunurdu. Vəkil Azərbaycanda kənd təsərrüfatı sahəsində görülən müsbət işləri qeyd etməklə nazirin diqqətinə fermerləri saxta sənəd düzəltməyə sövq edən qaydalardan yazmışdı.

Həmin məktubdan sitat:

“Hörmətli cənab nazir! Müraciətimin səbəbi şəxsi deyil. Vəkillik fəaliyyətim ilə bağlı bir çox kəlbəcərli fermerlər mənə müraciət edir ki, onların problemlərini sizə çatdırım. Belə ki, cənab Prezidentin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə fermer təsərrüfatlarının mövsümi qaydada aparılması 2021-ci ildə başlayaraq davam etdirilir. Fermerlərin təsərrüfatı yaylağa aparması üçün müəyyən şərtlər var ki, o şərtlər fermerlər tərəfindən qarşılanmalıdır. Lakin bəzi şərtlər var ki, bu, çox ədalətsiz şərt olmaqla bərabər, fermerləri məcbur edir ki, saxta sənəd düzəltsin. Həmin şərtlər aşağıdakılardır.

2024-cü ilin aprel ayının 1-dən qeydiyyat başlayır. Qeydiyyatın şərti kimi heyvanların qırxılması və çimizdirilməsi nəzərdə tutulur. Qış qurtarmamış fermer heyvanını necə qırxdırsın, necə çimizdirsin? Bu sualı mən KTN-in baytar mütəxəssislərinə verirəm. Cavabı da yazıram ki, bilsinlər ki, Kəlbəcərə gedən heyvan ən yaxşı halda iyun ayında qırxılır, həmin ayda çimizdirilir. Yazda qoyunu qırxıb Kəlbəcər yaylaqlarına çıxarmaq sürünü məhv etmək deməkdir. Fermerlər zatən yay aylarında özləri heyvanı həm qırxır, həm də çimizdirirlər. Lakin fermerləri məcbur edirlər ki, sən qoyunu bizə qırxdır, bizə çimizdir və Nazirlər Kabinetinin qərarına əsasən da hər qoyunun qırxılması və çimizdirilməsi üçün 2 manat ödə. Baytarlara deyilir ki, gəl qırx görüm indi qırxmaq mümkündürmü və ya çimizdir görək mümkündürmü? Bildirirlər ki, yox, edə bilmərik. Hələ mövsümü deyil. Yaxşı mövsümü deyilsə, aprel ayının 1-də olan qeydiyyata nəyə görə bu sənəd tələb olunmalıdır. O zaman fermerlər məcbur olub saxta sənəd təqdim etməlidirlər.

Kəlbəcər, Laçın yaylaqlarından başqa digər yaylaqlara da təsərrüfatlar aparılır. Nəyə görə həmin təsərrüfatlardan deyil, yalnız Kəlbəcər və Laçın fermerlərindən bu tələb edilir?

Digər bir məsələ də yalnız nəqliyyat vasitələri ilə təsərrüfatı aparmaqdır. Hesab edək ki, bir fermerin 250 baş xırdabuynuzlu heyvanı var. Həmin təsərrüfatı Kəlbəcərə aparmaq üçün fermer aşağıdakı xərcləri məcburi çəkməlidir.

250(baş qoyun)X 2 manat=500 manat çimizdirmək xərci;

81 hektar yaylaq sahəsinin hər hektarına görə 2 manat ödəniş tələb olunur = 160 manat icarə haqqı;

250 baş qoyunu Kəlbəcərə aparmaq üçün 5 “Kamaz” lazımdır. Keçən il bir “Kamaz” Kəlbəcərə heyvanları 800 manata aparıb. Deməli fermer 250 qoyunu Kəlbəcər yaylağına aparmaq üçün 5 “Kamaz” sürücüsünün hər birinə 800 manat ödəməli,  4 min manat buna görə xərc çəkməlidir. Hələ heyvanları 3 ay sonra yaylaqdan qaytarmaq üçün əlavə 4 min manat da xərcləməlidir.

Hörmətli cənab nazir!Bu halda 1 fermer 250 baş qoyunu yaylağa aparması üçün 8 min 660 manat pul xərcləməlidir. Bu fermerlərə yaradılmış inzibati əngəllərlə bağlı xərcdir. 1 fermer il ərzində çoban, fəhlə saxlamağa, digər zəruri xərcləri çəkməyə 20 min manat xərcləməlidir. Bu isə fermerlərin illik qazanclarının əhəmiyyətli hissəsinin əllərindən alınması deməkdir.

Cənab Prezident işğaldan azad edilmiş ərazilərə məskunlaşma ilə bağlı stimullaşdırıcı tədbirlər görməyi tapşırdığı bir vaxtda bu inzibati əngəllər işğaldan azad edilmiş rayon sakinlərinin qayıdışına ciddi əngəldir. Çünki Kəlbəcər və Laçın rayonlarının camaatının əksər hissəsi fermer təsərrüfatı ilə məşğuldurlar.