17 İyun 2024

“Tacikistan Azərbaycanın aqrar-sənaye sektorundakı unikal təcrübəsində maraqlıdır”

Tacikistan aqrar-sənaye kompleksində Azərbaycanın unikal təcrübəsini və nailiyyətlərini nəzərə alaraq hazırda Azərbaycanla bu sahədə münasibətlərin dərinləşməsi üzərində işləyir.

Bunu Trend-ə Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli deyib.

Səfir bildirib ki, Azərbaycan və Tacikistan həm ikitərəfli, həm regional, həm də qlobal səviyyələrdə bütün təşəbbüslərdə hər zaman bir-birini dəstəkləyib.

“Hazırda ölkələrimiz enerji, neft sənayesi və alüminium sahələrini əhatə edən iqtisadi xarakterli layihələr üzərində işləyir”, – R.Soli deyib.

Onun sözlərinə görə, Tacikistan şirkətləri Azərbaycan ərazisində bütün sektorlarda layihələrin reallaşdırılmasında iştirak etməkdə maraqlıdır.

Səfir, həmçinin əlavə edib ki, dünyadakı reallıqlar Tacikistanla Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərməyib və bu münasibətlər irəliləyən xətlə inkişaf edir.