20 İyul 2024

Müttəfiqlik münasibətləri

2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”imzalanıb. İki ölkə arasında qarşılıqlı əməkdaşlıqla bağlı bir çox məqamların öz əksini tapdığı Bəyannamədə qeyd edilir ki, tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki ölkə başçılarının mətbuata birgə bəyanatlarla çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir: “Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır”.

Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin əhəmiyyəti millət vəkilləri, ziyalılarımız, ictimaiyyət nümayəndələri tərəfindən də çox yüksək qiymətləndirilir.

Münasibətlərimizin Şuşa Bəyannaməsinə əsaslanması siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələr üzrə hərtərəfli əməkdaşlığımızın genişləndirilməsinə daha da böyük imkanlar yaradır. Torpaqlarımızın işğalına son qoyulmasından 4 il keçir. Bu müddətdə Türkiyə hər zaman Azərbaycanın yanında olub.

Türkiyə hər zaman Azərbaycanın təşəbbüsünü dəstəkləyir. O cümlədən, Azərbaycan da Türkiyənin yanındadır. Belə ki, zəlzələdən əziyyət çəkən Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə yeni şəhərcik salınır. Biz qardaş ölkələr olaraq çətin gündə də, yaxşı gündə də bir yerdəyik. Bu da bizə qarşı düşmənçilk niyyətləri olanlara vahid yumruğumuzu nümayiş etdirməyə imkan verir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini