27 İyul 2024

Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir

Azərbaycanla Misir arasında sosial, siyasi və iqtisadi əlaqələrin tarixi qədimdir. Dünya ölkələri ilə sıx əməkdaşlığa daim töhfə verən ölkəmiz Misirlə də qarşılıqlı hörmətə və etibara əsaslanan əlaqələr qurub. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin sentyabrında Qahirəyə səfəri və bu çərçivədə Misir Prezidenti Hüsnü Mübarəklə müzakirələr iki ölkə arasındakı əlaqələri yeni mərhələyə çıxardı. Həmin dövrdən başlayaraq Azərbaycan və Misirin müxtəlif dövlət qurumları arasında əlaqələri daha da inkişaf etdi, qarşılıqlı səfərlərin həyata keçirilməsinə başlanıldı.

Cari ilin iyun ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərə gəlib. İki ölkə arasındakı münasibətlərin növbəti mərhələsi kimi qiymətləndirilən səfər müəyyən məqamlarla yadda qaldı. Belə ki, ölkə başçımız cənab İlham Əliyevin Qahirədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Görüşdən sonra hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdi. Azərbaycan-Misir arasındakı səmərəli əlaqələrin sıx bağlılığı vurğulanaraq, gələcəkdə də etibarlı əməkdaşlığın davam etdiriləcəyi qeyd edildi. Azərbaycan-Misir əlaqələrini dəyərləndirərən ökə başçımız deyib: “Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”.

İki ölkə arasındakı iqtisadi əlaqələr də öz səmərəliliyi ilə seçilir. Məhz 2022-ci il fevralın 25-də Bakıda keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası ikitərəfli əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayır. İclasın sonunda Azərbaycan ilə Misir arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və bir sıra sənədlər imzalanıb.

COP29-a Azərbaycanın ev sahibliyi etməsi Misirdə də rəğbətlə qarşılanır. Bu gün Misirdə Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişmələri Konfransına ev sahibliyi edəcək ölkə kimi seçilməsini, Prezident İlham Əliyev siyasətinin növbəti parlaq qələbəsini yüksək sevinc hissi ilə qarşılayırlar. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.

Göründüyü kimi, qüdrətli Azərbaycan dövləti qlobal proseslərin önəmli aktoruna çevrilib. Prezident İlham Əliyevin uğurlu siyasi xətti bu gün ölkəmizi qalib, ordumuzu müzəffər, xalqımızı firavan edib. Bunun nəticəsidir ki, dünya liderləri daim Azərbaycanla əməkdaşlığa meyillənir, onun gücündən, sahib olduğu prestijdən faydalanmağa çalışırlar.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini