20 İyul 2024

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Azərbaycan-Türkiyə münasibətləri Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunur. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoydu.

Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Şuşa Bəyannaməsində xüsusi önəm daşıyan məsələlərdən biri kimi aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması bu məsələyə xüsusi önəm verildiyini və fəaliyyətlərin koordinasiya edilməsinin vacibliyini bildirir. Azərbaycan-Türkiyə münasibətləri 44 günlük Vətən Müharibəsindən sonra yeni mərhələyə qədəm qoyub.

2021-ci il iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Şuşa Bəyannaməsinin imzalanması bu deyilənlərə əyani sübutdur. Şuşa Bəyannaməsi ölkələrimizin müttəfiqliyini hüquqi cəhətdən təsdiqləyən bir sənəd kimi tarixə düşdü. Düzdür, bu vaxta qədər ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən xeyli sayda sənədlər mövcud olub. Lakin Şuşa Bəyannaməsi hər bir sahəni, xüsusilə də ölkələrimiz arasında qarşılıqlı hərbi əlaqələri özündə cəmləşdirən tarixi bir sənəddir. Yüz il öncə Azərbaycanla-Türkiyə arasında imzalanmış olan Qars müqaviləsi də ölkələrimizin dostluq-qardaşlıq münasibətlərindən irəli gələrək strateji tərəfdaş olduqlarının tarixi köklərini özündə təcəssüm etdirir.15 iyun 2021-ci il – Türkiyə-Azərbaycan, “Bir millət, iki dövlət”i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Müttəfiqlik haqqında Bəyannamə imzalanmasından üç il ötür. Bu, real faktordur ki, tarixi sənədlərin imzalandığı tarix və məkan hər zaman böyük əhəmiyyət kəsb edir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı