27 İyul 2024

TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur

Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub.

– “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”. Sözügedən fikir ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.

Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur.

Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir.

Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var.

İqlim məsələləri bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini