25 İyun 2024

Ağ Evdən Bakıya göndərilən məktubun şifrələri: ABŞ Ermənistanın son ümidini necə “dəfn” etdi

Prezident Co Bayden göndərdiyi məktubun məzmunu ilə əslində, ABŞ-ın Azərbaycanın dünya məkanındakı rolunu artıq tanıdığını dolayısıyla etiraf etmiş oldu… Bu baxımdan, Ermənistan cəmiyyətində və siyasi dairələrində Ağ Ev sahibinin məktubu ucbatından həm çaşqınlığın, həm də narahatlığın yaşanması qətiyyən gözlənilməz deyil…

Cənubi Qafqazda geopolitik dəyişikliyin əsas səbəbləri o qədər də qəliz məzmun daşımır. Əksinə, bu geopoltik dəyişikliklər birmənalı şəkildə, Azərbaycanın yürütdüyü prinsipial regional siyasətdən qaynaqlanır. Belə ki, II Qarabağ savaşının nəticələri artıq inkaredilməz reallıq kimi, Cənubi Qafqazda yeni geopolitik şərtlərin əsas təməl prinsiplərini təşkil edir. Və Cənubi Qafqazda maraqları olan beynəlxalq siyasi dairələr də bu reallığı artıq birmənalı şəkildə qəbul etmək məcburiyyətindədir.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, rəsmi Bakı II Qarabağ savaşından sonra Cənubi Qafqazda maraqları olan dünya nəhənglərini yeni geopolitik şərtləri qəbul etmək seçimi qarşısında qoymağı bacarıb. Hər halda, son vaxtlar cərəyan edən bütün regional proseslər onu göstərir ki, Cənubi Qafqazda Azərbaycanın geopoliti iradəsindən yayınmaq mümkün deyil. Rəsmi Bakının razılığı olmadan heç bir regiondan kənar güc mərkəzi bu coğrafiyada öz geopolitik maraqlarını təmin edə bilməz. Və bu, o deməkdir ki, Cənubi Qafqazda yalnız Azərbaycan şəriksiz geopolitik güc mərkəzidir.

Təbii ki, belə situasiyanın yaranmasında Azərbaycanın inkişaf və xarici təsirlərə qarşı müqavimət potensialı əsas regional faktor rolunu oynayır. Belə ki, Azərbaycan güclü orduya sahibdir və istənilən kənar müdaxilə cəhdinə dərhal sərt əks reaksiya vermək imkanındadır. Eyni zamanda, Azərbaycan maliyyə-iqtisadi cəhətdən də müstəqilliyini təmin etməyi bacarıb. Üstəlik, Azərbaycan Qərb ölkələri üçün əvəzolunmaz enerji təhlükəsizliyi tərəfdaşına çevrilib. Və bu, Azərbaycanın həm regional, həm də beynəlxalq rəqibləri üçün aşılması olduqca çətin faktordur.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Digər tərəfdən, Azərbaycan Orta Asiya enerji resurslarının da Avropa bazarlarına çıxarılmasında həlledici tranzit ölkə stutusuna sahibdir. Çünki Orta Asiya enerji resurslarının beynəlxalq alıcıları mütləq Azərbaycan ərazilərindən və boru kəmərlərindən istifadə etməyə məhkumdur. Avropa və Asiya ölkələri iqtisadi-ticari münasibətlərinin inkişaf etdirilməsində də birmənalı şəkildə Azərbaycana möhtacdırlar. Çünki Azərbaycanın yerləşdiyi uğurlu coğrafiya Avropa və Asiya ölkələrini rəsmi Bakını öz iqtisadi-ticari layihələrinə daxil etmək məcburiyyətində buraxır. Və üstəlik, bütün bu proseslərdə rəsmi Bakı sadəcə, iştirakçı deyil, həm də qərarverici iradə sahibidir.

Beləliklə, Avropadan Asiyaya qədər davam edən geniş bir arealda Azərbaycan inkaredilməz hərbi-siyasi, iqtisadi-ticari və geopolitik iradə sahibidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya marşrutlarının gələcək taleyi də birbaşa Azərbaycanın siyasi mövqeyindən asılı vəziyyətdədir. Və təbii ki, rəsmi Bakı bütün bu faktorlardan Azərbaycanın beynəlxalq məkandakı maraqları çərçivəsində maksimum səviyyədə istifadə edir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan II Qarabağ savaşından sonra artıq yalnız Cənubi Qafqazda lider dövlət və geopolitik iradə mərkəzi olmaqla qalımayıb, həm də öz siyasi iradəsini beynəlxalq məkana daşımağa nail olub. Yəni, indi Azərbaycan dünya məkanında da əsas söz sahiblərindən birinə çevrilməyə başlayıb. Və bu, son vaxtlar dünya nəhəngləri tərəfindən də açıq, yaxud da dolayısı yolla etiraf edilir.

ade012ed-5500-4e6d-844e-ce5f1444d60d.jpg (236 KB)

Maraqlıdır ki, ABŞ prezidenti Co Baydenin Bakıda keçirilən 29-cu Xəzər Beynəlxalq neft-qaz sərgisinə göndərdiyi məktibda Azərbaycanın beynəlxalq əhəmiyyətinə eyham vurulub. Ağ Ev sahibi bəyan edib ki, Ermənistanla yekun sülh sazişi imzalandıqdan sonra Azərbaycanın dünyada rolu ciddi şəkildə dəyişəcək. Prezident Co Bayden vurğulayıb ki, ABŞ Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesini dəstələyir. Və Ağ Ev sahibinin məktubunda yer alan bu məqamda müəyyən dolayısı mesajlar mövcuddur.

Məsələ ondadır ki, prezident Co Bayden Azərbaycanın dünyadakı rolunun dəyişməsindən danışması olduqca böyük önəm daşıyır. Çünki bu, Azərbaycanın beynəlxalq məkana təsir potensialına dolayısı ilə eyham anlamı daşıyır. Düzdür, Ağ Ev sahibi bu potensialın reallaşdırılması baxımından, Ermənistanla yekun sülh sazişinin imzalanmasının vacibliyini qabartmağa çalışır. Və bu, daha çox ABŞ-ın ermənipərəst mövqeyindən qaynaqlanır.

Əslindəsə, Azərbaycanın dünya məkanındakı rolunun müəyyən edilməsində Ermənistanla yekun sülh sazişi elə bir ciddi rol oynamır. Çünki hazırda Azərbaycan üçün sülh sazişi taleyüklü şəkildə önəm daşımır. İndi sülh sazişi Azərbaycandan daha çox Ermənistana lazımdır. Üstəlik, rəsmi İrəvan həmin sazişə nail olmaq üçün ilk növbədə məhz rəsmi Bakının şərtlərini qəbul etməyə məhkumdur. Və bu, o deməkdir ki, regional oyun qaydaları məhz Bakıda müəyyən olunur.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Eyni zamanda, ABŞ və Avropa Birliyi bu reallığı dəyişmək şansından uzaqdır. Hər halda, rəsmi Bakı ABŞ, Avropa Birliyi və Ermənistanın ortaq Brüssel təxribatını boşa çıxartmaqla, bunu sübuta yetirib. Digər tərəfdən, ötən ilin sonlarında rəsmi Bakı Ağ Evin Azərbaycana qarşı təzyiq cəhdlərinə sərt reaksiya verməklə, ABŞ-ı geri çəkilməyə də məcbur edə bilib. Yəni, rəsmi Bakı Azərbaycanın siyasi iradəsini ABŞ-a qəbul etdirməyə də nail olub.

Bu baxımdan, eləcə də, yuxarıda sadaladığımız olduqca önəmli səbəblərdən Azərbaycan artıq dünya məkanında geopolitik oyunçudur. Qoşulmama Hərəkatına liderlik edən Azərbaycan beynəlxalq müstəmləkəçiliyə qarşı mübarizənin əsas siyasi-ideoloji mərkəzi rolunu da öz üzərinə götürüb. Beynəlxalq müstəmləkəçiliyin əsas təmsilçisi Fransanın Azərbaycanın bu mübarizədə aparıcı mövqeyə sahib olmasından ciddi narahatlıq keçirtməsi də inkaredilməz reallıqdır. Və bu baxımdan, Ağ Ev sahibinin hansısa şərt daxilində olsa belə, Azərbaycanın dünyadakı rolundan danışmaq məcburiyyəndə qalması məhz rəsmi Bakının beynəlxalq məkanında avanqard geopolitik oyunçular sırasına daxil olduğunu göstərir.

Ona görə də, hesab etmək olar ki, prezident Co Bayden öz məktubunun məzmunu ilə əslində, ABŞ-ın Azərbaycanın dünya məkanındakı rolunu artıq tanıdığını dolayısıyla etiraf edib. Bu baxımdan, Ermənistan cəmiyyətində və siyasi dairələrində Ağ Ev sahibinin məktubu ucbatından ciddi çaşqınlığın yaşanması qətiyyən gözlənilməz deyil. Və bu, onu göstərir ki, erməni toplumu da prezident Co Baydenin məktubundakı əsas şifrələri doğru anlayıb, Azərbaycanla tərəfdaşlıq qapısını daha geniş açmağa çalışan ABŞ-ın Ermənistanın üzərindən çarpaz xətlər çəkməkdə olduğunu müşahidə edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu