20 İyul 2024

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi

Tarixdə elə günlər olur ki, xalqın qürur və əyilməzlik rəmzinə çevrilir. Xalqımızın  da taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi 15 İyun – Milli Qurtuluş Günüdür. Həmin dövrü öyrənmək ,gələcək nəsillərə ötürmək olduqca vacibdir. Bununla da biz dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etmiş oluruq. Həmin günlərdən bizi indi 31 illik zaman ayırır.

İyirminci əsrin 80-cı illərinin sonunda Azərbaycan xalqına qarşı erməni millətçilərinin başlatdığı siyasi təxribatlar vəziyyətin getdikcə gərginləşməsinə xidmət edirdi. Erməni ekstremistlərinin Azərbaycan dilbər guşələrindən biri olan Qarabağda fəallaşması ciddi tədbirlərin görülmsini tələb edirdi. 1990-cı illərin əvvəllərində Azərbaycan siyasi rəhbərliyinin milli maraqlardan uzaq olması , kifayət qədər iradə ortaya qoya bilməməsi sayəsində  torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq  işğal edilir, demək olar ki, hər keçən gün xalqın gələcəyə olan inamı sarsılırdı.Belə bir şəraitdə getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.Hansı ki, o vaxtkı rəhbərlər hakimiyyət hərisliyi ucbatından Heydər Əliyev kimi Azərbaycan xalqının böyük oğluna qısqanclıqla yanaşır. Onun Respublikaya qayıdışından xoflanırdılar. Bütün maneələrə baxmayaraq xalqının yanında olmağı özünə müqəddəs vəzifə hesab edən Ümummilli lider Moskvadan Bakıya qayıtmağa qərar vermiş oldu. Bakıya qayıdan Heydər Əliyev dərhal siyasi əxlaqdan kənar təqiblərlə üzləşmiş oldu.Bakıdan Naxçıvana getmək isə ən doğru addım idi. Yenidən siyasi həyata başlayan Heydər Əliyev Naxçıvanda xalqın dəstəyilə muxtar Respublikanın rəhbəri seçilmiş oldu. Bu addımlar Azərbaycanın gələcək taleyinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynamış oldu. Bakıda, Azərbaycanın digər bəlgələrində də gözlər Naxçıvana yönəlmişdi. Xalq pənahını Ümummilli liderin ancaq Bakıya qayıdışında görürdü. Cəmiyyətdə belə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu.

İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”. Ümummilli Lider yaranmış ağır vəziyyətdən çıxış yolu kimi ilk növbədə, təşəbbüsü ələ alaraq bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, gələcək inkişaf üçün möhkəm təməllər yaratdı. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi, xalq arasında böyük nüfuz sahib olması xalq birliyini təmin etmiş oldu. Bunun nəticəsi idi ki, 1993-cü ildəki çətin və xaotik proseslər Azərbaycan dövlətçiliyini inkişafına şərait yaratdı. Bu istiqamətdə atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.

1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Eyni zamanda, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Təfərrüata varmadan demək olar ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünün qarşısını almaq mümkün oldu.

Xalqımız artıq neçə ildir ki, bu bayramı yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür.      Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla və özünə xas uzaqgörənliklə söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qalib xalq, müzəffər ordu və müdrik Ali Baş Komandan birliyi ilə hələ qarşıda neçə-neçə tarixi zəfərlər, qələbələr bizi gözləyir.

Nəriman İsmayılov- Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, Kiçik ədliyyə müşaviri