25 İyun 2024

Ərazi bütövlüyünün müqəddəsliyi prinsipi və Qafqazda yeni təcrübə

Beynəlxalq hüquqla təsbit olunan dövlətlərin ərazi bütövlüyü prinsipi həmişə mühüm amil olaraq dünya ölkələrinin dinc, yanaşı yaşamalarının və regional inkişafın təminatçısı sayılıb. Dünyanın hər yerində milli, etnik, dini və s. zəmində münaqişələrin qızışdırılması böyük güclərin “maraq” dairəsində idarə edilmişdir. Sovet imperiyasının dağılmasını hələ də həzm edə bilməyən indiki varis Rusiya Federasiyası da bu cür milli-məhəlli münaqişələrin “mühəndisliyini” etməklə müəyyən müvəqqəti siyasi dividentlər əldə edə bilmişdi. Xatırlayırsınızsa, Cənubi Qafqazda Moskvanın ilk belə separatçılıq cəhdi məhz Qarabağda başladıldı və onda hələ nə Abxaziya, nə Osetiya separatizmi baş qaldırmamışdı. 1990-cı illərdən başlayaraq, Qarabağdan Azərbaycana təzyiq etməklə istəyinə nail olan rus siyasi elitası həmin taktikanı Gürcüstanda da tətbiq etdi və istədiyini əldə etdi. Lakin, Moskvanın planları Mixeyil Saakaşvili dönəmində, xüsusilə eyni separatizm həmləsi ilə Acariyanın (Batumi) da Gürcüstandan qoparılması cəhdi boşa çıxdıqdan sonra çat verib öləzidi. Yeni eranın separatizm cərəyanına 44 günlük VƏTƏN savaşıyla ən uğurlu zərbəni vuran Azərbaycan isə, nəinki bölgədə, bütövlükdə bütün dünyada misli görünməmiş uğur qazanmaqla dünya praktukasında yeni president yaratmış oldu. Artıq yeni dövr imperiya qüvvələrinin şətəlləri, “separatizm sütunları” çat verməyə başlayıb. Belə iddialar var ki, Rusiya və Gürcüstan hökumətləri arasında Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli ilə bağlı gizli danışıqlar aparılır. Əsas versiya, ölkənin idarəetmə modelinin dəyişməsi qarşılığında Abxaziya və Cənubi Osetiyanın yenidən Gürcüstanın suverenliyinə qaytarılmasıdır.

Təbii ki, Gürcüstanın Qərbə inteqrasiya yolundan imtina etməsi Rusiyanın əsas şərtlərindən biri olacaq. Görünən odur ki, Qarabağ münaqişəsinin həllindən və rus qoşunlarının bölgədən çıxmasından sonra regiondakı problemlərə ənənəvi baxışlar dəyişib. Rusiya hakimiyyəti öz oyun stilində yenilik edərək, münaqişələri dondurmaq yerinə, onlardan maksimum dərəcədə faydalanmaq strategiyasına keçib. Gürcüstan hakimiyyətində isə Rusiya ilə müzakirələr aparmaqla, münaqişədə irəliləyiş əldə edilə biləcəyi inancı formalaşıb. Gürcüstanla münasibətlərin normallaşması Abxaziyadan keçən tranzit yollarının bərpasına imkan verəcək ki, bu da hazırda beynəlxalq təcridlə üzləşən Rusiya üçün yeni regional pəncərələrin açılması deməkdir. Daha da önəmlisi, Rusiya əlindən sürüşməkdə olan “müttəfiqi” Ermənistana gedən dəmiryolunun bərpasında olduqca maraqlıdır. Gürcüstan-Rusiya münasibətlərinin normallaşması və Tbilisinin yenidən Moskvanın təsir dairəsinə qayıtması Azərbaycan üçün arzuolunmazdır. Rusiyanın təsirlərini balanslaşdırdığımız əsas müttəfiqimiz Türkiyə ilə dolayı bağlantımızı təşkil edən Gürcüstanın Rusiya təsirinə düşməsi və Rusiya ilə Ermənistan arasında dəmiryolu bağlantısının bərpa olunması iki başlıca təhdid kimi sayıla bilər.

Düşünürəm ki, Gürcüstanın Rusiyaya yaxınlaşması fonunda, Ermənistanla münasibətləri sürətlə normallaşdıraraq, Türkiyəyə alternativ yolun açılması Azərbaycan üçün həyati önəm kəsb edəcək. Ən əsası, Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi mənzərədə uduzmamaq lazımdır. Qlobal kontekstdə, dünya düzəninin indiki sürətli dəyişməsi vəziyyətə adekvat çevik diplomatik addımlar atılmasını zəruri edir.

Rasim Zeynalov- Media1.az

Rasim Zeynalov