20 İyul 2024

ABŞ-ın maliyyə naziri Rusiya akitvlərindən Ukrayna üçün istifadədə hüquqi problem görmür

ABŞ-ın maliyyə naziri Janet Yellen hesab edir ki, hüquqi nöqteyi-nəzərdən Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı heç bir problem yoxdur.

Musavat.com xəbər verir ki, xanım Yellen bu fikrini ABC News-a müsahibəsində açıqlayıb: “Burada heç bir hüquqi problem yoxdur”.

Ötən həftənin əvvəlində İtaliyanın baş naziri Giorgia Meloni bildirmişdi ki, Pugliada keçirilən G7 sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya kömək məqsədilə istifadə edilməsi ilə bağlı siyasi razılıq əldə ediblər:

“İlin sonuna qədər Ukraynaya təqribən 50 milyard dollar məbləğində əlavə maliyyə yardımı göstərməklə bağlı siyasi razılaşma əldə etdik. Söhbət akitvlərin müsadirəsindən getmir. Söhbət onlardan əldə edilən gəlirdən istifadə etməkdən gedir”.

Öz növbəsində, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də bu mövzuda razılığın əldə olunduğunu açıqlayıb.