20 İyul 2024

Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi

Hər bir xalqın həyatına, taleyinə xoş günlər nəsib olur. Hətta elə olur ki, həmin gün xalqın müqəddəratını həll edir, öz dəyəri, məna-məzmunu tutumuna görə əsrə bərabər tutulur. Hər il iyunun 15-də bayram etdiyimiz Qurtuluş günü xalqımızın taleyində əsl dönüşə çevrilən belə günlərdəndir. Məhz 15 iyun 1993-cü il tarixindən Azərbaycanın dünya birliyi tərəfindən daha ciddi surətdə qəbul edilməsinə başlanılmışdır. Xalqımız həmin günü bütün dünyaya öz kimliyini bir daha göstərə bildi, ümumxalq iradəsinin nəyə qadir olduğunu sübut etdi.

Tarixə Milli Qurtuluş günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan bizi 31 illik zaman ayırır. Şübhəsiz, bu bir dövlətin tarixi baxımından qısa bir zamandır. 1993-cü il Azərbaycanın dövlət müstəqilliyi tarixində ən mürəkkəb və həlledici il olmuşdur. Qurtuluş günündən ötən bu illər çox şeyləri dəyişmişdir. Xalqımız milli dövlətini yaratmış və özünün xilaskarının fəaliyyəti nəticəsində bu dövləti əbədi etmişdir. Məlum olduğu kimi, Azərbaycan xalqı və dövləti üçün 1990-cı illərin əvvəlləri olduqca ağır bir dövr idi. Sovet İttifaqının rəhbərlərindən biri olan xalqımızın müdrik oğlu Heydər Əliyev ermənipərəsət Mixail Qorbaçovun təkidi ilə öz vəzifəsindən istefa verəndən sonra onu doğma vətən xilas üçün çağırdı. 1990-cı ilin qanlı yanvar günlərində ulu öndərimiz heç bir təqib və təzyiqdən çəkinməyərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda imperiya tərəfindən törədilən vəhşilikləri pisləyən kəskin bəyanat verdi. Bundan sonra, Ulu öndər Moskvada qala bilməzdi. Təəssüf ki, həmin dövrdəki Azərbaycan rəhbərliyi də ona maneələr yaradırdılar. Buna baxmayaraq Heydər Əliyev dünyaya göz açdığı ana vətəninə-Naxçıvana qayıtdı. Vətənə qayıdan ulu öndəri həmin vaxt xalqının düşdüyü ağır vəziyyət narahat etdi. Xalq Heydər Əliyevi siyasi həyatda fəaliyyət göstərməyə təkidlə çağırırdı. Bu da təsadüfi deyildi. Müdrik xalqımız yaxşı bilirdi ki, belə ağır və məşəqqətli zamanlarda ona Heydər Əliyev kimi dahi bir şəxsiyyət, lider lazımdır. Xalq xilaskarını- Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Dövlətini, xalqını canından artıq sevən Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə bugünkü inkişafın təməlini qoydu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında birliyi, həmrəyliyi təmin edildi. Ümummilli Liderin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrildi. Azərbaycan xalqı yaxşı bilirdi ki, Heydər Əliyevin ideyaları Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında da uğurla həyata keçiriləcək. Bu, həqiqətən də belə oldu. Qurtuluşumuz böyük qələbələrlə başa çatdı, artıq xalqımız Ulu Öndərin ideyalarının Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl və səmərəli şəkildə həyata keçirilməsinə şahidlik edir. Belə ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatından sonra ərazi bütövlüyümüzün bərpa olunması Ulu Öndərin vəsiyyətinin həyata keçirilməsini təmin etdi və işğaldan azad olunmuş torpaqlarımızda daimi olaraq üçrəngli bayrağımızın dalğalanmasına gətirib çıxardı. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də olacaq. Onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla irəli aparacaqdır.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı