25 İyun 2024

Azərbaycan-Misir əlaqələri uğurla inkişaf etdirilir

Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlar qazanan və beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzu durmadan artır. Dövlətimizin başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Ən yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verməkdədir.

Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib. Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər də xüsusi əhəmiyyətə malikdir.

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Respublikasına rəsmi səfəri başlayıb. Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçiriləcək. Səfər çərçivəsində imzalanacaq sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Səfər çərçivəsində  sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev mətbuata bəyanatında deyib: “Hörmətli cənab Prezident, Sizin tərəfinizdən aparılan islahatlar Misir dövlətinin imkanlarını böyük dərəcədə gücləndirə bilmişdir. Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır. Biz bunu çox təqdir edirik və əldə olunmuş nailiyyətlərlə öz dostlarımızı səmimiyyətlə təbrik edirik. Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz”. Dövlətimizin başçısı bildirib ki, iki ölkə beynəlxalq təşkilatlarda – BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi məsələlər də gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi və s. daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər var.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı