25 İyun 2024

Bakı Enerji Həftəsi önəmli bir platformadır

Prezident cənab İlham Əliyev iyunun 4-də 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadığı çətinliklərdən, təhlükələrdən, vətəndaş müharibəsinin ölkəni uçuruma aparmasından bəhs edərək 1993-cü ili dönüş nöqtəsi kimi qeyd etdi. Həmin ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, oktyabr ayında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaların cəlb edilməsi həmin dövrün reallıqları idi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.  Bakı Enerji Həftəsi təkcə enerji təhlükəsizliyi sahəsində deyil, eyni zamanda, siyasi cəhətdən də Azərbaycan üçün önəmli bir platformadır. Bildiyimiz kimi, Azərbaycan regionda İkinci Qarabağ müharibəsindən sonra yeni reallıqlar yaradıb. Lakin Zəngəzur dəhlizinin açılması ilə bağlı Qərbin böyük siyasi dəstəyi lazımdır. Azərbaycan Avropanın enerji diversifikasiyasında, Mərkəzi Asiyadan Avropaya karbohidrogen ehtiyatlarının daşınmasında əsas tranzit ölkə kimi mühüm rol oynayır. Orta Dəhlizin Zəngəzur seqmentinin açılması Qərbin iqtisadi və logistik maraqlarına tamamilə cavab verir.

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə, iqtisadiyyatını inkişaf etdirmək istəyi iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrdə özünün aydın ifadəsini tapır. ABŞ prezidentləri də Azərbaycana daim bu xüsusda böyük siyasi dəstək veriblər. Məhz ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə son məktubu göstərir ki, bundan sonra da rəsmi Vaşinqton Azərbaycanın enerji sahəsində atdığı addımlara dəstək verəcək.Azərbaycanla ABŞ arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdıran siyasi şərhçi əlavə edib.Məhz enerji sahəsində əməkdaşlıq digər istiqamətlərdə ikitərəfli əlaqələrin dinamikasına da müsbət təsir edir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və qlobal müstəvidə beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq və layihələr həyata keçirməsi, yeni dünya nizamında Qafqazın aparıcı və söz sahibi statusunu gücləndirir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışında dövlətimizin başçısı cənab İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb. Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini vurğulayan dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə, yaşıl enerji.

Bu il Bakı Enerji Həftəsinin Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasının 30 illiyinə təsadüf edir, bu halda sazişin ötən dövrdə ölkəmizə qazandırdığı uğurların təhlili bir zərurət kimi qarşıda dayanır.“Əsrin müqaviləsi” ilə iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə qısa müddətdə Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Bu müqavilə Azərbaycana yeni dostlar və tərəfdaşlar qazandırdı. Ölkəmiz etibarlı və arzulanan tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi. Bu tədbir 30 ildir ki, neft, qaz və enerji sektorunda mühüm əməkdaşlıq platformasına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu göstərir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini