25 İyun 2024

Yeni mərhələnin başlanğıcı

Ölkəmizin taleyində tarixi günlərin rolu böyükdür. 15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın həyatında dönüş nöqtəsidir. 1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı.  Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri-birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi, Şuşanı, Laçını düşmənə təhvil verdi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Belə bir çətin məqamda xalq üzünü xilaskarına-Ulu Öndər Heydər Əliyevə tutdu. Dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu.

Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin edən bu tarixi gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsinin zənginliyini, böyük siyasi nüfuzunu, Azərbaycanın gələcəyini düşünən Lider olduğunu nümayiş etdirir. Hər bir ölkənin inkişafında Lider amili əsasdır. Azərbaycanın 1993-cü ildən bugünədək bütün sahələrdə sürətli inkişafını, üzləşdiyi hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirən əsas amil düşünülmüş və məqsədyönlü siyasət, bu xəttin uğurlu davamıdır. Ümummilli Lider bildirmişdir ki, həyatının mənasını ancaq xalqa sədaqətlə xidmətdə görür. Onun üçün ən böyük mükafat xalqın etimadını doğrultmaq idi.   Müstəqil inkişaf tariximiz məhz 15 iyun 1993-cü ildən başlandı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluşdan başlanan inkişaf yolu tariximizin Zəfər səhifələrinin zənginləşməsini şərtləndirdi. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə biri-birindən möhtəşəm uğurlara imza atan müasir müstəqil Azərbaycan qalibiyyəti ilə dünyanın diqqətindədir. Tarixi Zəfərimiz uğurlarımızın zirvəsidir. Hazırda tarixi sahibinə qovuşmuş torpalarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ərazi bütövlüyümüzün təmin olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. Bu Zəfər məğrur, yenilməz xalq olduğumuzu dünyaya bir daha bəyan etdi. Qalib ölkənin vətəndaşı olmaq böyük xoşbətlikdir.  Ötən il Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı. Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqaysə etdikdə qurtuluşun ölkəmizə qazandırdığı uğurların miqyasının nə qədər böyük olduğunu görürük. O illərdə müstəqilliyini itirmək təhlükəsini yaşayan Azərbaycan bu gün müstəqil siyasəti ilə qürur duyur, tarixi törpaqlarına qovuşaraq qalib ölkə kimi tanınır.  Qurtuluşdan başlanan yol bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.

Tarixi Zəfərimizi ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Kimin haqqın, ədalətin, kimi şərin, təcavüzkarın yanında olduğu təsdiqləndi. Tarixin sınaqlarından daim şərəflə çıxan, hər bir anda bir yerdə olan və dünyaya dostluğun, qardaşlığın nümunəsini təqdim edən Azərbaycan-Türkiyə münasibətləri 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə diqqətdən kənarda qalmadı. Müharibənin başlandığı andan ölkəmizin yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Azərbaycana ilk andan siyasi və mənəvi dəstəyini göstərən Türkiyə postmünaqişə dövründə də ölkəmizə dəstəyini əsirgəmir. 2021-ci il 15 İyun- Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşa Azərbaycanla Türkiyənin müttəfiqliyinə şahidlik etdi.   Qarabağın mədəniyyət paytaxtı Şuşa   növbəti tarixi hadisəni yaşadı. Türkiyə və Azərbaycan Prezidentlərinin Müttəfiqlik Bəyannaməsini Şuşada imzalanmasının rəmzi mənası vardır. Şuşadan dünyaya mesajları özündə əks etdirən bu Bəyannamədə bütün sahələrin inkişafına xidmət edəcək   addımlar öz əksini tapıb. Qarabağın tacı Şuşamızdan bir daha Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığı, iki dost ölkənin hər zaman bir-birinin yanında olduğu bəyan edildi. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya getmək istəyini ifadə etmişdir. Bu istək 6 aydan sonra   reallığa çevrildi. Bu istəyin məhz Milli Qurtuluş Günündə gerçəkləşməsi səbəbsiz deyil. Azərbaycanın müstəqilliyinin daimiliyinin başlanğıc nöqtəsi olan 15 iyun 1993-cü ildən başlanan yol tariximizə Zəfər Günümüzü yazdı. Milli Qurtuluş Günündən başlanan inkişaf, tərəqqi Şuşamızı bizə qaytardı.  Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti bugünkü reallıqları yaratdı. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Ümummilli Liderin xidmətləri əvəzsizdir. Məhz Şuşa Bəyannaməsində böyük öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin iki qardaş ölkənin əlaqələrinin inkişafına yol açan “İki dövlət, bir millət”, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” tezisləri öz əksini tapıb.  Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti ilə birgə mətbuata bəyanatında bildirmişdir ki, bu tarixi kəlamlar fəaliyyətimiz üçün əsas faktordur. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdirir və gələcək nəsillərə yol göstəririk.

Dünyaya dostluğun, qardaşlığın nümunəsini göstərən Azərbaycan və Türkiyə əlaqələri hazırda yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edərkən də bu əlaqələrə, ümumilikdə türk dünyasının birliyinə xüsusi diqqət göstərdi. Bildirdi ki, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. “Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir” söyləyən cənab İlham Əliyev əminliklə qeyd etdi ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri