25 İyun 2024

Strateji tərəfdaşlıq

Azərbaycanın bütün Mərkəzi Asiya dövlətləri ilə, o cümlədən Tacikistanla münasibətləri xalqlarımız arasında formalaşmış tarixi dostluq münasibətlərinə əsaslanır. İki ölkə arasında diplomatik münasibətlər müstəqilliyimizin bərpa olunmasından az sonra, 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçımız cənab İlham Əliyevin və Tacikistan dövlət başçısı Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir.

Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, yaxın gələcəkdə Zəngəzur dəhlizinin reallaşdırılması ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirməkdədir. Bu gün Çindən Avropaya gedən və Mərkəzi Asiya dövlətlərinin ərazisini də əhatə edən ən qısa və təhlükəsiz tranzit daşımaları məhz ölkəmizin ərazisindən həyata keçirilir. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün də səmərəli və cəlbedici nəqliyyat layihəsidir. Bu, bütün Asiya regionu kimi Tacikistanın da Azərbaycana marağını artırır və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Ölkələrimiz arasında rəsmən əsası qoyulan strateji tərəfdaşlıq hər iki xalqın bir-birinə daha da yaxınlaşmasına, dostluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edəcəkdir. Dost ölkə olan Tacikistan ilə strateji tərəfdaşlığın təsbit edilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasi sistemdə nüfuzunun artmasına və mövqeyinin möhkəmlənməsinə xidmət etməkdədir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı