25 İyun 2024

“Təbiəti də sağaldaq!” devizi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasında ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində “Təbiəti də sağaldaq” adlı ağacəkmə aksiyaları davam etdirilir.

Mərhələli şəkildə bütün tabeli tibb mərhələsində keçirilməsi planlaşdırılan aksiyanın əsas məqsədi insanların diqqətini ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsinə cəlb etmək, yaşıllıq zolaqlarının genişləndirilməsinə töhfə vermək və ekoloji mədəniyyəti təbliğ etməkdir.

TƏBİB tərəfindən “Təbiəti də sağaldaq” devizi ilə başladılan ağacəkmə aksiyası növbəti dəfə aran bölgəsində keçirilib. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İcraçı direktorun müşaviri Səkinə Sadıxova, Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülağa Əzizov, ətraf 8 rayonun direktoru və digər rəsmi şəxslər iştirak ediblər.

Ağacəkmə aksiyalarında hər bölgənin yerli iqliminə uyğun olaraq müxtəlif növdə ağaclar əkilir, yaşıllıqlar salınır və onlara aqrotexniki qulluq göstərilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.